Katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransisk deyib ki, müharibə insanlığa qarşı cinayətdir.
Gununsesi.info xəbər verir ki, Papa ənənəvi bazar duasını ofisinin Pyotr meydanına baxan pəncərəsindən edib.
Roma Papası Fransisk duadan sonra çıxışında deyib: “Dünyanın bir çox yerində, xüsusən də Ukrayna, Fələstin və İsraildə müharibənin qəddarlığına məruz qalanları unutmayaq”.
“Milad bayramında biz sülh arzularımızı bölüşdük, lakin silahlar məhv etməyə və öldürməyə davam etdi. Dua edirik ki, bu münaqişələr üzərində hakimiyyətdə olanlar müharibənin dinc əhali arasında ölüm toxumu səpdiyini, şəhərləri və infrastrukturu məhv etdiyini və münaqişələri həll etmək üçün bir yol olmadığını düşünsünlər. Başqa sözlə, müharibənin özü bəşəriyyətə qarşı cinayətdir”, – deyə Katolik ruhani lideri bildirib.
İnsanların sülh üçün maarifləndirilməsinin vacibliyindən danışan Papa deyib: “Unutmayaq ki, müharibənin özü insanlığa qarşı cinayətdir. Xalqların və dünyanın sülhə ehtiyacı var. Biz sülh üçün maarifləndirməliyik. Biz görürük ki, bütün bəşəriyyət hələ müharibələri dayandırmaq üçün kifayət qədər təhsilə malik deyil”.
Gununsesi.info