
Katoliklərin ruhani lideri Roma Papası Fransisk Azərbaycan və Ermənistan arasındakı münasibətlərə ümidlə baxdığını və sülh sazişinin tezliklə bağlanmasında iki ölkə liderlərini dəstəklədiyini bildirib.
Gununsesi.info xəbər verir ki, Papa nəfəs yolları xəstəliyinə görə iki həftədir videokonfrans vasitəsilə etdiyi ənənəvi bazar duasını iş otağının Pyotr meydanına baxan pəncərəsindən edib.
Papa duadan sonra çıxışında Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi istiqamətində mühüm addımların atılması ilə bağlı dekabrın 7-də verilən birgə bəyanata toxunaraq deyib:
“Mən xeyli sayda erməni və azərbaycanlı əsirin azad edilməsini alqışlayıram. Ermənistanla Azərbaycan arasındakı münasibətlərə Cənubi Qafqazdakı bu müsbət əlamətə böyük ümidlə baxıram və tərəflərin və liderlərin sülh sazişinin mümkün qədər tezliklə bağlanmasını dəstəkləyirəm”.
Papa Fransisk Dubayda davam edən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransının (COP28) bir neçə günə başa çatacağını bildirib. “Ümumi evimizin qayğısına qalmaqda və xalqların müdafiəsində yaxşı nəticələr üçün dua etməyinizi xahiş edirəm”, – deyə o vurğulayıb.
Papa bazar günü etdiyi duada Ümumdünya İnsan Haqları Bəyannaməsinin 75 il əvvəl bu gün imzalandığını da xatırladaraq, irəliyə doğru bir çox addımlar atılsa da, hələ də nöqsanların olduğunu, bəzən geriləmə hallarının yaşandığını qeyd edib.
Gununsesi.info