Avstraliyanın baş naziri Entoni Albanese sevgilisi Codi Haydona Sevgililər günü sürprizi ilə nə qədər romantik olduğunu nümayiş etdirib.
Gununsesi.info xəbər verir ki, Albanese sosial media hesabında sevgilisinə evlilik təklifi etdiyini və toyun yaxınlaşdığını açıqlayıb. Baş nazir Haydonun nişan üzüyü taxan fotosunu “O, hə dedi” qeydi ilə paylaşıb.
Albanese bununla bağlı Avstraliya mətbuatına açıqlama verib. “Həyatımın qalan hissəsini paylaşmaq istədiyim bir tərəfdaş tapmaqdan böyük məmnunluq duyuram”, – baş nazir deyib. Albanese İtaliya restoranlarından birində şam yeməyində sevgilisinə Sevgililər günündə evlənmə təklifi etdiyini bildirib.
Təxminən 4 ildir birlikdə olan cütlüyü ilk təbrik edənlərdən biri də Albaneseni normalda sərt sözlərlə tənqid edən müxalifət lideri Peter Dutton olub. Toyunu səbirsizliklə gözlədiyini bildirən Dutton “Çiçək atmaq üçün orada olacam” deyib.
Gununsesi.info