SOCAR “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində 10 nəfər neftçinin həyatını itirməsilə nəticələnən qəzaya səbəb olan daha bir vəzifəlini “cəzalandırıb”.
Gununsesi.info xəbər verir ki, bu barədə modern.az-a Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.
M.Qəhrəmanlının sözlərinə görə, SOCAR Azneft İB-nin N.Nərimanov adına NQÇİ-də baş vermiş qəzaya görə idarənin baş mühəndisi Şahəddin İsmayılov da “cəzalandırılıb”.
“Şahəddin İsmayılov tutduğu vəzifədən azad olunub. Bundan sonra o, 28 May adına NQÇİ-nin Mərkəzi Mühəndis Texniki Xidmətinə (MMTX ) şöbə rəisinin müavini təyin olunub. Şahəddin İsmayılov vaxtilə Azneft İB-nin baş direktoru olmuş Şahin İsmayılovun qardaşıdır”.
Hüquq müdafiəçisi 2015-ci ildə 28 May adına NQÇİ-nin 10-cu platformasında baş vermiş qəzanı xatırladaraq, SOCAR həmin vaxt alnız bir nəfəri çox sərt “cəzalandırdığını” və NQÇİ-nin rəisi cənab Rövşən Hacıyevi Azneftin Qaz Anbarları idarəsinə rəis göndərdiyini bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl faciənin qarşısının alınması üçün götürdükləri öhdəlikləri yerinə yetirmədiklərinə görə, Texniki-istehsalat şöbəsinin rəisi Şükürov Ramazan Knyaz oğluna, Neft-mədən hidrotexniki qurğularının istismarı, təmiri və korroziyaya qarşı mübarizə üzrə istehsalat şöbəsinin rəisi Ramazanov Ramiz Elxan oğluna, MMTX-nin rəisi Qəmbərli Mahmud Ağəsəf oğluna, MMTX-nin rəis müavini Bağırov Vüqar Əkrəm oğluna, NQÇS-nin rəis müavini Xamıyev Zamin Yusub oğluna Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Qeyd edək ki, 15 dekabr 2016-cı ildə səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi və ona bitişik olan meydançanı, həmçinin üzərindəki yaşayış budkasını da uçurub.
Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. Onlardan İlham Qafarov, Həsənağa Hacıəliyev, Vidadi Qurbanovun meyitləri tapılaraq ailələrinə təhvil verilib.
Gununsesi.info