Rövnəq Abdullayev Aİ-92 markalı benzinin qiymətini qaldırtdı, HƏMÇİNİN, 10 MİNDƏN ARTIQ DƏRMANIN QİYMƏTİ TƏSDİQLƏNDİ

  • By admin
  • 15 İyul 2017 07:21

benzin

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Tarif Şurasının Katibliyindən Gununsesi.info-ya verilən məlumata görə, iclasda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq, bir sıra dərman vasitələrinin qiymətləri də təsdiq edilib.

Ümumilikdə, ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 10385 dərman vasitəsinin tam siyahısı Şuranın rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Eyni zamanda, iclasda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib.

Ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdimə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, “Aİ-92” markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb.

Tarif (qiymət) Şurasının iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar bu gündən qüvvəyə minir.

Tarif Şurası qeyd edib ki, tarif dəyişikliyindən sonra da “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq. Belə ki, hazırda “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dolları təşkil edir.

Gununsesi.info