2016-cı ilin avqustunda Türkiyədə öldürülən məşhur “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) qatilinin kim(lər) olması ilə bağlı indiyədək çoxsaylı versiyalar səslənib. Media, sadəcə, bunları əsasən Rusiya KİV-lərində yayılmış məlumatlar əsasında yazır. Amma artıq iki ilə yaxındır ki, bu qətl işinə görə axan qanlar da durmur. “Yeni Müsavat” ötən ilin mayında “Lənkəranski”nin qətlində iştirak edən killerin Sankt-Peterburqda öldürülməsi barədə məlumat yaymışdı.
Rusiya KİV-lərinin məlumatında deyilirdi ki, “Lənkəranski”nin qətlində iştirakı şübhə doğurmayan Cabir Həsənov aprelin 28-də Leninqrad prospekti 42-də öldürülüb. Qətlə yetirilən 42 yaşlı Cabir Həsənov bir neçə dəfə Azərbaycanda məhkum həyatı yaşayıb. Azadlığa isə üç il əvvəl çıxıbmış və Rusiyaya gedibmiş. Samarada azərbaycanlı biznesmenin oğurlanmasında iştirak etdiyi üçün barəsində axtarış elan olunubmuş. Onun saxta sənədlə Türkiyə və Ukraynada gizləndiyi də xəbər verilirdi. Öldürüləndə də üstündə Cümşüd Həsənov kimi qeyd edilən saxta sənəd tapılmışdı.
Rusiya mediası xəbər verirdi ki, qətlə yetirilənin pasport qeydlərinin araşdırılması zamanı üzə çıxıb ki, Lənkəranskiyə sui-qəsd olanda o, həqiqətən də Türkiyədə olub.
O da bildirilirdi ki, Cabir Həsənov cəzasını azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun(“Lotu Quli”) vaxtilə saxlandığı 8 saylı həbsxanada çəkib. Rusiya KİV-nin iddiasına görə, “Quli” ilə yaxın münasibəti olub.
Maraqlıdır ki, Rusiya mətbuatı Cabir Həsənovun qətlini daha çox qulağı kəsilərək şəkili və videosu yayılan Rafiq Eyvazovun (“Rafiq Masallinski”) intiqamı kimi izah edir. Məlumata görə, “Rafiq Masallinski” bu qətldən sonra yaxın ətrafına “sırada daha 6 nəfər qaldı” deyib. Bu isə onun qulağının kəsilməsində iştirak edənlərin sonadək cəzalandırılacağı kimi yozulub.
İndi isə məlum olub ki, Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş istintaq İdarəsi bu qətldə iştirakçı olan 43 yaşlı Azərbaycan vətəndaşı Nazim Nüsrətovun işi üzrə istintaqı tamamlayıb. Virtualaz.org “Peterbuqskiy dnevnik” nəşrinə istinadla xəbər verir ki, Nüsrətov ötən il aprelin 28-də şəhərin Lenin prospektində Cabir Həsənov adlı azərbaycanlının qətlinə yardım etməkdə təqsirləndirilir.
İstintaqın versiyasına görə, Nazim Nüsrətov özü nə “Lotu Quli”nin, nə “Rövşən Lənkəranski”nin qruplaşmasına bağlı deyil. O, 2017-ci ilin aprelində Bakıdan Sankt-Peterburqa gedən və hazırda axtarışda olan tanışı, 23 yaşlı Camal Həsənovun xahişi ilə Cabir Həsənovun qətlinə yardım edib. Öz adına nömrə götürərək Camal Həsənovu şəhərdəki mini-hotellərdən birinə yerləşdirib, sonra ona qətldə istifadə etmək üçün avtomobil alıb, sim-kartlarla təchiz edib. Habelə uzaq qohumu vasitəsilə Həsənovu qətldən sonra Belarusa keçirib. Bütün bunlara görə 150 min rubl alıb. Pullar bir neçə tranşla onun bank hesabına köçürülüb.
Cinayət işinin materiallarına görə Nüsrətov Bakıdan gedən killer üçün “VAZ 21103″ markalı, ”badımcan” rəngli avtombili tanışı vasitəsilə 95 min rubla alıb. Əvvəlcədən xəbərdarlıq edib ki, avtomobil yeni sahibinin adına qeydiyyatdan keçirilməyəcək. Avtomobili dərhal avtoservisə göndəriblər və şüşələrinə qara plyonka vurdurublar.
Aprelin 28-də axşamdan xeyli keçmiş həyətin əsas girişində atəş səsləri eşidilir, bundan sonra şahidlər qara gödəkcəli, “kapşonlu” şəxsin cəld həmin “VAZ”ın sükanı arxasına keçərək qaza basdığını görüblər.
Qətldə istifadə olunan avtomobil hadisə yerindən bir neçə kvartal aralıda atılmış vəziyyətdə tapılıb. Məlum olub ki, killer kameralara yaxalanmamaq üçün qurbanını gözləyəndə heç tualetə də getmirmiş, kiçik ehtiyacını boş butulkalara “ödəyirmiş”.
Nazim Nüsrətov qətldən bir neçə gün sonra-mayın 31-də tutulub. Əvvəlcə o, killerə 150 min rubla tapança satdığını da bildirib. Guya həmin tapançanı tapıbmış. Lakin sonradan vəkilinin köməyi ilə ifadəsini dəyişdirib, bildirib ki, Həsənovun Bakıdan hansı məqsədlə gəldiyindən xəbəri yox idi. Və kömək etməyə bu səbəbdən razılaşıb ki, Əfqan adlı hansısa tanışı onu Azərbaycanda yaşayan valideyinlərinə divan tutmaqla hədələyib. Nüsrətov əvvəlcə həmin Əfqanı “köhnə dostu” kimi təqdim edib, daha sonra ifadəsini dəyişərək onu “təsadüfi tanışı” adlandırıb. Habelə ifadəsində killerin pistoleti özü aldığını, 150 min rublu isə əvvəlcədən bank kartı ilə köçürdüyü puldan geri qaytardığını bildirib.
“Lakin istintaqın heç bir şübhəsi yoxdur ki, təqsirləndirilən şəxs killerə şüurlu şəkildə kömək edib və hər şeyi anlayıb”-baş müstəntq Vyaçeslav Mazurenko bildirib.
Bəs Lenin prospektindəki bu qətlin motivi nə olub? “Rövşən Lənkəranski”nin əvvəllər gömrük orqanlarında işləyən qardaşı Bakıdan Cabir Həsənovu öldürmək üçün killeri hansı motilvlə göndərib?
Bu motiv barədə istintaqa ifadə verən gizli şahid danışıb. Şahidin ifadəsinə əsasən Cabir Həsənov bir neçə dəfə Sankt-Peterburqdakı “Apraksin dvor” bazarında alver edən azərbaycanlıların arasında sərxoş vəziyyətdə və narkotikin təsiri altında deyib ki, 2016-cı ilin avqustunda İstanbulda “Rövşən Lənkəranski”ni güllələyənlərdən biri şəxsən özüdür.
Yada salaq ki, Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı “qanuni oğru” Rəşad İsmayılovun (“Rəşad Gəncinski”) qanqsterlər arasındakı söhbətlərdən birində Canıyevi onun əmri ilə “o biri dünyaya göndərdikləri” barədə də xəbər yaymışdı. Xəbərdə iddia olunurdu ki, “Rəşad Gəncinski” bildirib ki, “Lənkəranski”nin qətlinin motivi onun yaxın dostu, “göyərti kralı” kimi tanınan biznesmen Cambulat Şamiloğlunun öldürülməsidir.
Gununsesi.info