İstanbulda qətlə yetirilmiş Rövşən Lənkəranski (Canıyevin) doğulduğu Lənkəran şəhərində dəfn edilib.
Gununsesi.info-nun məlumatına görə, R. Lənkəranski Kiçik Bazar qəbiristanlığında atasının yanında torpağa tapşırılıb.
Dəfn mərasimində xeyli insan iştirak edib.
Qeyd edək ki, R. Lənkəranskinin cənazəsi gecə saatlarında xüsusi reyslə İstanbuldan Lənkərana gətirilib. R. Canıyev İstanbulda naməlum şəxslər tərəfindən güllələnib. Xəsarətlə İstanbulun Florence Nightingale Xəstəxanasına yerləşdirilib və orada dünyasını dəyişib.
Qeyd edək ki, Rövşən Canıyev “oğru dünyası”nda “Rövşən Lənkəranski” kimi tanınır. O, ilk dəfə 1996-cı ildə 2 il müddətində həbs edilib. Rövşən Canıyev atasının qatilini elə məhkəmə zalındaca güllələyib. Səbail Rayon Məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə R. Canıyev cinayət məsuliyyətindən azad edilib.
Rövşən Lənkəranski 2009-cu ilin dekabrında Ukraynada həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya edilib. Dövlət ittihamçısı R. Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib.
İtaliya məhkəməsi də Rövşən Lənkəranski barəsində beynəlxalq axtarış elan edib. Bu səbəbdən o soyadını dəyişərək Əliyev edib. İtaliya məhkəməsi onu mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilib.
Gununsesi.info