Rövşən Rzayev Xocalı sakinləri ilə görüşdü

  • By admin
  • 29 Sentyabr 2023 13:12

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən
Rzayev Xocalıdan məcburi köçkün düşmüş sakinlərin bir qrupu ilə görüşüb.
Komitədən Gununsesi.info-ya verilən məlumata görə, görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük
Vətən müharibəsindən və bu günlər Qarabağ iqtisadi rayonu ərazisində aparılan 1 günlük
lokal antiterror tədbirlərindən sonra yaranan vəziyyət, işğaldan azad edilmiş ərazilərə Böyük
Qayıdış üzrə I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası, doğma torpaqlara geri
dönüşün gedişi və perspektivləri barədə danışılıb. Antiterror tədbirləri nəticəsində separatçı
dəstənin və onun yaratdığı qeyri-qanuni qurumun iflasa uğraması, bölgədə sülh və əmin-
amanlıq üçün zəruri şəraitin yaradılması dərin məmnunluq hissi ilə qeyd edilib və bu tarixi
nailiyyətə görə Prezident İlham Əliyevə təşəkkür bildirilib, torpaqlarımızın işğaldan azad
edilməsi, həmin ərazilərdə dövlətimizin suverenleyinin tam edilməsi uğrunda canından keçən
şəhidlərin, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib.
Xalqımıza qarşı ağır cinayətlər törətmiş, Xocalı sakinlərini soyqırımına məruz qoymuş
erməni quldurlarının tutulub ədalət mühakiməsinə verilməsi istiqamətində müvafiq dövlət
qurumlarının zəruri tədbirlər həyata keçirdiyi vurğulanıb, amansız canilərin mütləq
məsuliyyətə cəlb edilərək cəzalandırılacaqlarına inam ifadə olunub.
Məcburi köçkünlük dövründə dövlətdən daim diqqət və qayğı görən Xocalı sakinləri
Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səmimi
münasibətini və şəxsi dəstəyini yüksək dəyərləndiriblər. Qeyd edilib ki, işğaldan azad edilmiş
ərazilərin dirçəlişi, bərpası və yenidən qurulması, Böyük Qayıdış proqramı üzrə tədbirlərin
sürətlə həyata keçirilməsi, indi isə Xocalının da bərpasına və azərbaycanlı əhalinin ora geri
dönüş imkanının yaranması böyük ruh yüksəkliyi doğurur.
Dövlət Komitəsinin sədri işğaldan azad edilmiş digər ərazilər kimi Xocalı rayonuna da
qayıdışın səmərəli şəkildə təşkil olunması üçün başlanmış hazırlıq işləri, bununla bağlı
dövlətimizin verdiyi tapşırıqlar barədə görüş iştirakçılarına ətraflı məlumat verib, onların fikir
və mülahizələrini dinləyib, suallarını cavablandırıb.
Görüşdə Xocalının məcburi köçkün icmalarının nümayəndələri, ziyalılar, ictimai fəallar,
həmçinin Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak ediblər.

Video: https://youtu.be/S5bMT462UhI

Mais Bədəlov

Gununsesi.info