
Son həftələrdə dünya siyasətində baş verən proseslər, xüsusilə Qərbin Rusiya və Türkiyə ilə münasibətlərində gərginliklər regionumuz üçün xeyli narahatlıqlarla müşahidə edilir. Şübhəsiz ki, bizim iqtisadi təhlilçilərə baş verənlərin Azərbaycan üçün iqtisadi tərəfləri maraqlıdır: Rusiya və Türkiyə milli valyutalarının dəyər itirməsi, xüsusilə Rusiyaya tətbiq edilən iqtisadi sanksiyaların Azərbaycana mümkün təsirləri nələr ola bilər, bu təsirlər ölkə iqtisadiyyatında özünü necə göstərəcək, milli iqtisadiyyatın hazırkı imkanları və mövcud siyasi şərtlər həmin təsirləri zərərsizləşdirmək üçün yetərlidirmi?
Gununsesi.info İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayevin bloqunda yer ala məqaləyə istinadən xəbər verir ki, Rusiya və Türkiyə iqtisadiyyatında baş verən proseslərə Azərbaycanın yüksək həssaslığı təkcə bu 2 ölkə ilə eyni regionu paylaşmamızla bağlı deyil: “Bu həm də Azərbaycan iqtisadiyyatının hər 2 ölkədən yüksək asılılığından irəli gəlir. Mümkün təsirləri obyektiv və hərtərəfli qiymətləndirmək üçün mövcud asılılıq kanallarına diqqətlə baxmaq lazımdır”.
İqtisadçı qeyd edir ki, əsas kanallardan biri əmtəə və xidmət ticarətidir: “2017-ci ilin nəticələrinə görə, Azərbaycanın ümumi ixracının 16%-i, idxalının isə 30%-i Rusiya və Türkiyənin payına düşüb. Göründüyü kimi, idxaldan asılılıq xeyli yüksək olsa da, ümumi ixracda pay elə də yüksək deyil. Məsələn, Gürcüstanın ixrac baxımından Rusiya və Türkiyədən asılılığı Azərbaycanla müqayisədə daha yüksəkdir və 23% təşkil edir. Lakin Azərbaycan üçün qeyri-neft ixracının coğrafi şaxələnmə əmsalının yüksək olması daha önəmlidir. Bu sektorun isə Rusiya və Türkiyədən asılılıq əmsalı həddən artıq yüksəkdir və 2017-ci ildə təxminən 1.5 mlrd. dollarlıq qeyri-neft ixracının 53%-i (810 mln. dollar) məhz 2 qonşu ölkənin payına düşüb. Əgər neft amilini saymasaq, Azərbaycan ixracının regionun 2 böyük ölkəsindən asılılığı Gürcüstanla müqayisədə təxminən 2.5 dəfə yüksəkdir.
Təəssüf ki, xidmət idxal-ixracının dəyər ifadəsində coğrafi strukturu barədə açıqlama olmadığından Azərbaycanın adıçəkilən 2 ölkə ilə əlaqələrinin səviyyəsi barədə nəsə demək çətindir. Lakin ən azından turizm statistikasına görə, Azərbaycana turist axınının az qala yarısının Rusiyanın payına düşdüyünü nəzərə alısaq, deməli, Azərbaycanın turizm xidmətlərinin ixracının da xeyli hissəsi təkcə Rusiyanın hesabına təmin edilir. Amma turizm ixracından gəlirlər Azərbaycanın xidmət ixracı üzrə daxilolmaların cəmi 40%-ni təşkil edir. Yerdə qalan gəlirlər əsasən neft sektoru ilə bağlı nəql və tikinti sektoru ilə bağlıdır ki, bu xidmətlər isə əsasən Rusiyadan kənarda baş verir”.
Bu statistik məlumatları əsas götürsək, Türkiyə və Rusiya iqtisadiyyatında qeyri-sabitliyin davam edəcəyi, rubl və lirənin davamlı olaraq dəyər itirəcəyi halda Azərbaycan üçün hansı təsirləri gözləmək olar?
R.Ağayevə görə, əvvəla, qeyri-neft ixrac gəlirləri azala bilər: “Çünki neft ticarətindən fərqli olaraq qeyri-neft ticarətində idxal-ixrac müqavilələri üzrə hesablaşmalar xarici valyuta ilə həyata keçirilsə də, ixrac məhsulları daxili bazarda yerli valyuta ilə realizə olunur. Nəzərə alaq ki, əmtəə və xidmətlərin qiyməti heç də həmişə məzənnə dəyişikliyinə uyğun tempdə baş vermir, əksər hallarda yerli valyutaların dönərli valyuta qarşısında dəyərdən düşmə səviyyəsi qiymət artımına nisbətdə daha yüksək olur. Bunun nəticəsində yerli valyuta ilə satılan, dəyəri xarici valyuta ilə ödənilən məhsulların ixracatçıları üçün gəlir itkisi qaçılmaz olur. İlk baxışdan belə görünə bilər ki, Qərblə münasibətlərin pisləşməsi fonunda bu ölkələrdən Rusiyaya gələn kənd təsərrfatı məhsullarının azalması Azərbaycanın Rusiya bazarlarında payını artıra bilər. Lakin son 3 ilin təcrübəsi göstərdi ki, əvvəla Azərbaycanın ərzaq istehsalı potensialı zəifdir, daha çox daxili tələbatı ödəməyə yönəlir. Digər tərəfdən isə bu boşluğu daha çox Latın Amerikası və Asiya ölkələri doldurur, çünki həmin ölkələrin kənd təsərrüfatı potensialı böyük, ucuz məhsul təklif etmək imkanı genişdir”.
“Lakin idxalda vəziyyət fərqlidir – yerli valyutaları dəyər itirən ölkələrdə xarici tərəfdaşlarla müqayisədə real effektiv məzənnə daha sürətlə ucuzlaşdığı üçün onlarda idxal da ucuzlaşır”-iqtisadçı qeyd edir.
Onun firkincə, 1 ay əvvələ nisbətən indiki məzənnə ilə Rusiya və Türkiyədən idxal Azərbaycan üçün daha sərfəlidir: “Bu şəraitin təhlükəli tərəfi odur ki, bir sıra məhsulların idxal nümunələri daha ucuz başa gəldiyi üçün həmin məhsulların yerli anoloqlarını əldə etmək daha sərfəsiz olur. Bu isə 2015-ci ildən sonra idxalı əvəzləmə siyasətini prioritetlərdən biri kimi önə çəkən Azərbaycan üçün xeyli problemdir. Nəzərə alaq ki, Rusiyadan Azərbaycana idxalın ən azı üçdə biri, Türkiyədən idxalın isə 20%-ə qədəri qida sənayesi və kənd təsərrüfatı ilə bağlıdır. Halbuki bu bu sahələr Azərbaycan üçün prioritet inkişaf sahələri sırasında öndə gedir”.
İkinici təsir kanalınini isə ilkin və təkrar gəlirlər formasında əldə olunan gəlirlər olduğunu deyən R.Ağayev hesab edir ki, bura Türkiyə və Rusiyada işləyən Azərbaycan vətəndaşlarının əmək haqqı və sahibkarlıq gəlirləri formasında əldə etdikləri gəlirlərdən burada yaşayan ailə üzvlərinə və yaxınlarına göndərdikləri pul baratları, Azərbaycanın biznes sektoru və ev təsərrüfatları, həmçinin hökuməti vasitəsilə qoyulan birbaşa və portfel investisiyalara, bank depozitlərinə görə dividendlər, fazilər və digər sərmayə gəlirləri, repatriasiya olunan mənfəət və s. daxilidir: “Öncədən qeyd edim ki, Azərbaycana daxil olan bütün baratlarının ən azı 80%-i Rusiyanın payına düşür. Bu informasiya Azərbaycan və Rusiya mərkəzi banklarının pul baratları ilə bağlı məlumatlarının tutuşdurulması əsasında ortaya çıxır. Şübhəsiz ki, orda çalıçan həmvətənlərimiz əsasən yerli valyuta ilə gəlir əldə edir və rublun dəyər itirməsi hazırkə şəraitdə dollar və ya manat ekvivalntində ölkəyə daha az remitans göndərməsinə səbəb olur. Qeyri-rəsmi məlumata görə isə Rusiyadan göndərilən pula baratlarının həcmi rəsmi göstəricidən azı 50% çoxdur”.
R.Ağayevin sözlərinə görə, Azərbaycan hökuməti Neft Fondu vasitəsilə VTB-nin aktivlərinin 500 mln. dollarını rubl aktivi formasında Rusiyaya yatırıb və bu sərmayəyə görə dividendlər də rublla əldə olunur: “Rusiya valyutası dəyər itirdikcə Neft Fondunun da divididendləri xarici valyuta ekvivalentində azalır. Eyni qaydada SOCAR Türkiyənin neft emalı və kimya sektoruna nəhəng sərmayə yatırıb (ilkin məlumata görə 5 mlrd. dollara yaxın). Son zamanlar səslənən məlumatlara görə, SOCAR-ın Türkiyənin neft emalı və kimya sektorundan əldə etdiyi qazancların 75-80%-i daxili bazarda formalaşacaq. Bu baxımdan lirənin daha sabit olduğu illərdə (2010-2015-ci illər) potensial sərmayə gəlirlərilə bağlı aparılan hesablamalara görünür yenidən baxmaq lazım gələcək”.
“Türkiyədə uzunmüddətli iqtisadi qeyri-sabitikdən iqtisadi baxımdan ən böyük zərər SOCAR-a dəyə bilər. Çünki SOCAR bu ölkəyə böyük həcmdə xarici valyutada borc hesabına sərmayə qoyub. Həmin borcları qaytarmaq üçün daha sabit lirə lazmdır ki, xarici borcların qaytarlımasında böyük ziyanla üzləşməsin, bütövlükdə isə sərmayələrin daha tez özünü ödəməsi və mənfəətə çıxması planlaşdırılan zamanda baş versin”-iqtisadçı qeyd edir.
Məqalə ilə bağlı daha geniş məlumatı https://rovsanaghayev.blogspot.com/ linkindən əldə etmək mümkündür.
Vüsalə
Gununsesi.info