Rüfət Səfərov haqqında həbs qətimkan tədbirinin müddəti uzadıldı

  • By Admin2
  • 29 Aprel 2025 15:22

Hüquq müdafiəçisi Rüfət Səfərov haqqında həbs qətimkan tədbirinin müddəti daha 1 ay uzadılıb.

Gununsesi.info xəbər verir ki, bugün Binəqədi Rayon Məhkəməsində onunla bağlı prokurorun təqdimatına baxılıb və təmin olunub.

Hüquq müdafiəçisi haqqında həbs qətimkan tədbirinin uzadılması üçün əsas arqument budur ki, istintaq yekunlaşmayıb. Bu səbəbdən onun həbsdə saxlanma müddətinin artırılması zəruridir. Müdafiə tərəfi etiraz etsə də, hakim təqdimatı təmin edib.

Rüfət Səfərov haqqında həbs qətimkan tədbirinin müddəti mayın 23-nə qədər uzadılıb. O

vaxta qədər istintaq başa çatsa, hüquq müdafiəçisinin işi məhkəməyə göndəriləcək.

Qeyd edək ki, “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının təsisçisi Rüfət Səfərov dekabrın 3-də axşam saatlarında yaşadığı binanın qarşısında saxlanılıb. O, Natiq İmamquliyev adlı şəxsdən torpaq sahəsi satmaq adı ilə pul alıb onu aldatmaqda, mübahisə zamanı ona xəsarət yetirməkdə ittiham olunur.

Hüquq müdafiəçisi özünü təqsirli bilmir, bu ittihamları saxta adlandırır. Bu şəxsi isə hadisə günündən əvvəl heç vaxt görmədiyini, ondan pul almadığını, sifarişlə həbs olunduğunu bildirir.

Rüfət Səfərov bildirib ki, əgər o, tamah məqsədilə kimisə aldadan olsaydı, könüllü şəkildə prokurorluğun müstəntiqi vəzifəsindən istefa verməzdi.

Gununsesi.info