Keçmiş müstəntiq, bu yaxınlarda həbsdən çıxmış Rüfət Səfərov hazırda Türkiyədə xəstəxanadadır. O, Hepatit C-dən müalicə olunur.
Gununsesi.org xəbər verir ki,bu barədə AzadlıqRadiosuna onun atası, keçmiş YAP-çı deputat, uzun müddət Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlu danışıb.
R.Səfərov siyasi bəyanatla prokurorluq orqanlarından istefa verdiyini açıqlayandan az sonra həbs olunmuş və prezidentin martda imzaladığı əfv sərəncamıyla azadlığa çıxıb.
«Çoxdan yoluxsaydı…»
Atası iddia edir ki, oğlu Hepatit C-yə həbsdə olarkən yoluxub. Deyir ki, Rüfət həbs olunmamışdan az öncə ümumi müayinədən keçib, qan analizi verib, amma onda heç bir ciddi xəstəlik aşkarlanmayıb. R.Səfərov azadlığa buraxılandan sonrakı müayinə zamanı isə Hepatit C-yə yoluxduğu məlum olub: «Əgər çoxdan yoluxsaydı, həbsdə müalicə olunmadığını da nəzərə alsaq, çoxdan ağır fəsadları olardı, ciyərini məhv eləyərdi. Prokurorluqda işləyən hər kəs kimi, Rüfət də hər il müayinədən keçib, əvvəldən olsaydı, tapılardı. Həbs olunun təcridxanaya gətiriləndə də dustağı müayinədən keçirirlər. Rüfətdə onda da Hepatit aşkarlanmayıb. Deməli, həbsdə olduğu müddətdə yoluxub. Daha doğrusu, yoluxdurulub. Günahsız bir adamı 9 il azadlıqdan məhrum edib, onun 3 ilini həbsdə saxlayan hakimiyyət hər şey edə bilər».
E.Sabiroğlu deyir ki, oğlu həbsdəykən dişini müalicə etdirib, infeksiyaya da onda yoluxduğunu ehtimal edirlər. Atasının sözlərinə görə, Türkiyədə həkim Rüfətin Hepatit C-nin ağır formasından əziyyət çəkdiyini və müalicənin də uzunmüddətli olacağını deyib: «Ailənin həyəcan, mənəvi baxımdan faciə yaşamasına yol açan bir haldır».