Rüşvət almaqda təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilən, sabiq müstəntiq Rüfət Səfərov 1 saylı Bakı İstintaq Təcridxanasından köçürülüb.
Bu barədə Gununsesi.info-ya R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib. Onun sözlərinə görə, R.Səfərov noyabrın 17-də Şirvan Apellyasiya Məhkəməsindən gətirilərkən Şüvəlandakı 2 saylı İstintaq Təcridxanasına göndərilib və hazırda orada saxlanılır. Təqsirləndirilən şəxsin hansı əsasla başqa təcridxanaya köçürülməsi məlum deyil.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdı.
Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bir müddət sonra isə məhkəmənin qərarı ilə R.Səfərovun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi və o azadlığa buraxılmışdı. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.
R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.
Gununsesi.info