Rüfət Səfərovla açıq görüşə icazə verildi

  • By admin
  • 23 Noyabr 2016 17:20

 

rufetÜsyankar müstəntiq Rüfət Səfərov bu gün anasıyla görüşüb.

Bu haqda Gununsesi.info-ya  anası Tahirə Səfərova məlumat verib. Onun sözlərinə görə, bu gün Şüvəlan həbsxanasında Rüfət Səfərovla  açıq görüşə icazə verilib: “İki aydan çox idi ki, oğlumun qoxusunu ala bilmirdim. Kürdəxanıda onunla şüşə arxasından söhbətləşirdik. İndi elə bil dünyanı mənə bagışlamışdılar. Bağrıma basıb,  Rüfəti doyunca öpdüm, başına tumar çəkdim. Bir dəqiqəyə yaxın heç danışmadıq. Ana-bala göz-gözə dayanıb bir-birimizə baxdıq. Həyəcanımı boğurdum, nələr çəkdiyimi, ağrılı qəlbimdən nələrin keçdiyini hiss etdirmək istəmirdim. Sonra otrurub xeyli dərdləşdik. Ona uşaqlıq illərinin bəzi şirin xatirələrini xatırlatdım. Bir sözlə, ana-bala xoşbəxt anlar yaşadıq. Vaxtın tamamını dedilər.Yenə sarıldıq bir-birimizə və ayrıldıq. Ayrılarkən Rüfət mənə çox sevdiyi “Kor ərəbin mahnısını” evə zəng edərkən qoşub dinləməyi istədi…”-, deyə o bildirib.

tahire

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib.

Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonra məhkəmə R.Səfərovun ev dustaqlığına buraxılması ilə bağlı iddiasına baxıb və iddia təmin olunub. R.Səfərov onun barəsində irəli sürülən ittihamla razı olmadığını bildirib.

Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Gülnaz Qənbərli

Gununsesi.info