Sabiq müstəntiq Rüfət Səfərovun anası Tahirə Səfərova hazırda məhbus həyatı yaşayan oğlunun həyatına gözlənilən təhlükələr və ona qarşı yönələn təhlükənin qarşısının alınması, yardım edilməsi məqsədi ilə Azərbaycan dövlət başçısı İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb.
Gununsesi.info-ya daxil olan müraciətdə deyilir:
“Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident xanım Mehriban Əliyevaya
Mən 9 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun anasıyam. Allah heç bir anaya, o cümlədən də Sizə övlad narahatlığı verməsin. Bu, mənim səmimi sözümdür. Lakin oğlum Rüfətin həyatı hal-hazırda təhlükə altındadır. 9 saylı cəzaçəkmə müəssisəsində Rüfətə qarşı işgəncələr, təqib və təzyiqlər getdikcə daha şiddətli şəkil alır. Artıq 3-cü dəfədir ki, müxtəlif bəhanələrlə onu karsa salırlar. Bu son cəza Rüfətin aclıq aksiyası ilə əlaqələndirilir. Guya ki, o daxili nizam-intizamı pozmuşdur. Yəqin növbəti daha ağır hadisələri gözləməli olacağıq”.
Həbsxanada Rüfət Səfərovun sui-qəsdə təhrik edildiyini iddia edən T.Səfərova müraciətində bildirib ki, hələlik müxtəlif məlumatlar yayılmaqdadır: “Karsdan sonra Rüfətin tubzonaya köçürülməsi barədə xəbərlər də özünə yer almaqdadır. Məgər Rüfət vərəm xəstəsidir?! Başqa bir informasiya da var ki, övladımın Qobustandakı qapalı müəssisəyə köçürülməsi planlaşdırılır. Bəlkə Rüfətin həyatına son qoymağı qarşıya məqsəd kimi qoyublar. O zaman birdəfəlik bitirib qurtarsınlar.
Hörmətli prezident və hörmətli Mehriban xanım, bir ana olaraq Sizdən xahişim odur ki, oğlumu gözləyən amansız təhlükələrin önünün kəsilməsinə müdaxilə edəsiniz. Mənim bir oğlum var. Onu əlimdən qoparmaq istəyənlərə son olaraq sözüm budur: hər kəsin balası var, bunu düşünsünlər”.
Gununsesi.info