“Rus ayısı”nın pəncəsi Qazaxıstanda

  • By admin
  • 06 Yanvar 2022 12:31

Sovet İttifaqının dağılmasından 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Rusiya 200 illik imperialist siyasətindən əl çəkə bilmir. Müşahidələr göstərir ki, Vladimir Putin öz adını tarixə I Pyotrla yanaşı yazdırmaq iddiasındadır. “Rus ayı”sının bir ayağı Avropada, bir ayağı Qafqazda və daha neçə-neçə coğrafiyada.

İndi fürsət düşüb, pəncəsini Orta Asiyaya basmaqdadır. Qazaxıstan savaş içindədir. Bu oyunun pərdəarxası hələ tam görünməkdə deyil. Amma ağıllı müşahidəçilərin böyük əksəri iplərin Putinin əlində olduğunu söyləyirlər. Hədəf nədir, səbəb nədir? Bu proses niyə başladı? Rus ordusunun Qazaxıstana daxil olması əvvəldən planlaşdırılmışdımı? Tokayevin bu qarşıdurmanı xaricdən hücum kimi qiymətləndirməsinə səbəb varmı? Varsa, kimdir?

Suallar çoxdur, ziddiyyətli addımlar da. Ərazisinə görə ən böyük türkdilli dövlətin taleyi nə olacaq? Hələ bilinmir. Tunelin sonundakı işığın günəş, yoxsa qatar olduğu da bəlli deyil…

Qazaxıstan Rusiyadan sürətlə uzaqlaşırdı

Gununsesi.info xəbər verir ki, mövcud durumu “Yeni Sabah”a şərh edən politoloq Qabil Hüseynlinin fikrincə Qazaxıstanda baş verən hadisələrin arxasında Rusiyanın dayanması faktorunu düşünən analitiklər düzgün mövqe tutublar. Politoloq deyir ki, Qazaxıstanın son dövrlərdə həyata keçirdiyi siyasət, rus dilinin dövlət idarələrindəki statusunun ləğv edilməsi, rus dilinin dövlət dili statusundan məhrum edilməsi, eləcə də, kirill əlifbasından latın qrafikalı əlifbaya keçməsi, Qərbə doğru müəyyən referanslar, hətta qərbyönümlü siyasət barəsində səsləndirilən fikirlər, üstəlik də bəzən rusdilli əhali ilə yerli əhali arasında məhz fikrini ifadə etmək məsələsində müəyyən xırda qarşıdurmaların olması da bu fikirləri söyləməyə əsas verir.

Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri (VHP) Sabir Rüstəmxanlı da hesab edir ki, Qazaxıstanda baş verənlər, sadəcə qazın qiymətinin artması ilə əlaqəli deyil: “Bunu hiss etmək olur. Dövlət istənilən adıdmları atsa da, hələ ki, qiyamçılar sakitləşmir. Bunun da təsiri ola bilər, hansı ki, yaşayış səviyyəsi məsələsində dünyanın hər yerində insanlar dözür, dözür və birdən səbr kasaları daşır”.

Qazaxıstana ərazi iddiaları irəli sürülmüşdü

Sabir Rüstəmxanlı Qazaxıstanda baş verənlərin arxasında qonşu dövlətlərin dayandığı və yaxud qonşu dövlətlərdəki müəyyən qrupların burada maraqlı olduğu məsələsini inkar etmir: “Həm də nəzərə almaq lazımdır ki, orada Çin faktoru da var. Çünki Çinin Doğu Türküstan əyalətində də qazaxlar yaşayır və Qazaxıstan hər zaman Şərqi Türküstan məsələsinə həssas olub. Hətta Çinlə sərhəddə müəyyən problemlər də yaşanıb”.

Qabil Hüseynli deyir ki, son dövrlər dövlətin göstərişi olmadan millətçi əhval-ruhiyyəli gənclər rus dilində danışanlarla bağlı müəyyən tədbirlər keçirməyə çalışır, qazax dilinin öyrənilməsinin vacibliyini onlara izah edir və bu da gərginlik yaradırdı:

“Onu da nəzərə alaq ki, bir müddət bundan əvvəl Rusiyanın müəyyən siyasi dairələri Qazaxıstana ərazi iddiaları irəli sürmüşdü. Bütün bunlar rus barmağının olması məsələsinin qənaətini möhkəmləndirir.

Əlbəttə bu saat birmənalı hökm vermək çətindir, amma bir azdan hər şey sakitləşəndən sonra bu məsələlərin dərin araşdırılması daha ciddi qənaətlərə gəlməyə imkan verəcək”.

Hədəf Nazarbayevdirmi?

Tokayevin ilk tədbirlərindən biri də Nursultan Nazarbayevin vəzifədən azad olunması oldu. Bunun ardınca da üsyançılar Nazarbayevin heykəlini devirdilər.

Sabir Rüstəmxanlı bildirir ki, Qazaxıstanın sərbəst siyasət yürütməsi, Nursultan Nazarbayevin siyasi lider kimi bütün türk dünyasında önə çıxması, dünyada sayılan, hörmətli bir liderə çevrilməsi də görünür, bəzi adamlarda müəyyən qıcıq doğurur: “Nazarbayev haqqında amerikalıların çəkdiyi bir sənədli filmə baxdım, onun söhbətlərini dinlədim. O, son dərəcə ağıllı və müdrik bir adamdır”.

Qabil Hüseynli də “Türkdilli Dövlətlər Birliyi”nin yaranmasında, Nursultan Nazarbayevin rolunun böyük olduğunu bildirir: “Həmin təşkilatın birinci təsis yığıncağı Naxçıvanda baş tutdu və bundan sonra həmin əlaəqlər sürətlə inkişaf etdi.

Daha sonra Nursultan Nazarbayevin təklifi ilə “Türk Dövlətləri Təşkilatı” adında bir qurumun yaranması ideyası irəli sürüldü və bu fikir reallaşdırıldı. Üstəlik TDT-dən kənarda qalan Türkmənistan da, Qazaxıstanın xarici siyasəti nəticəsində bu orbitaya cəlb edildi. Ona görə də, hesab edirəm ki, bu sadaladıqlarım, çox güman ki, müəyyən dairələrdə qıcıq yaradıb ki, son hadisələrin baş verməsi fonunda Qazaxıstanda bunları sezmək asandır”.

Rusiyadakı müəyyən dairələrin maraqları təmin olunmurdu

Rus qoşunlarının Qazaxıstana daxil olması bir istiladırmı? Bu böyük ölkəni nə gözləyir? Sabir Rüstəmxanlı bildirir ki, Qazaxıstan uzun illər boyu istismar edilən bir ölkə olub:

“Bu ölkə, böyük dövlətlərin sınaq meydançasına çevrilmişdi. Tədricən Qazaxıstan öz sərvətlərinin sahibi oldu, sürətlə inkişaf etdi, dünyadakı nüfuzu getdikcə artdı. Təbii ki, bunu qəbul etməyən qüvvələr var idi və ola bilsin ki, Rusiyadakı müəyyən dairələrin maraqları, artıq Qazaxıstanda təmin olunmurdu.

Qazaxıstanda ruslar çoxdur. Ona görə də, bu amillərin hamısı rol oynaya bilər. Qazaxıstanın inkişaf etdiyi, yüksək perspektivi olan, qazax xalqının mənafeyi üçün təbii sərvətlərin istifadə ediliyi bir zamanda belə bir hadisələrin olması çox təəssüfləndiricdir. Nazirlər Kabinetinin istefasından sonra bu adamların  dialoqdan qaçması, ancaq dağıtmaq və yandırmaq yolunu seçməsi qətiyyən qəbul edilən bir şey deyil”.

Çin bu proseslərin harasındadır?

Millət vəkili bildirir ki, əlində dəlil olmadığı üçün nə Rusiyanı, nə də Çini burada günahlandıra bilməz: “Amma şübhəsiz ki, Qazaxıstanın inkişafı və müstəqil siyasət yürütməsi həm Rusiyada, həm də Çindəki müəyyən dairələrdə qıcıq doğururdu. Əgər bu gün KTMT yığışırsa və Qazaxıstana qoşun göndərirsə, orada kütləni ram etmək üçün hərbi gücdən istifadə edirsə, sözsüz ki, bu da xoşagələn bir hal deyil. Ancaq qazax xalqı bu məsələdə müdriklik göstərib öz dövləti ilə dialoq quraraq kənar qoşunların Qazaxıstana girməməsinə yol verməməlidir.

Bir sıra şəhərlərdə bu proseslər sakitləşib. Amma bankları talamaq, binaları yandırmaq, polisləri öldürmək, bunlar qətiyyən qəbul olunası hal deyil”.

 

Gununsesi.info