Rus dilində danışdığına görə 18 yaşlı gənci döydülər

“18 yaşım var. Dünən həyatımın şokunu yaşadım. Anamla telefonda rus dilində danışırdım. Bir də gördüm bir kişi məni təhqir edərək, üstümə hücum çəkdi. Əlində bıçaq var idi. Bıçağın arxası ilə üzümə vurmağa başladı. Qollarıma, kürəyimə vururdu. Təhqir edirdi ki, rus dilində danışıram”.

Gununsesi.info  xəbər verir ki, bu açıqlamanı Ramana sakini Riad Hüseynəliyev edib.

O, bildirib ki, hələ də başından aldığı zərbələrin təsirindən ayaq üstə rahat dayana bilmir:

“Polis çağırdım. Polis özü baş verən hadisədən şok içində idi. Bu gün ekspertizaya getdim. Üzümdə, bədənimdə hemotomalar var. Üzüm şiş içindədir. Əminəm ki, Azərbaycan polisi bu işi lazımi dərəcədə araşdıracaq və günahkar layiqli cəzasını alacaq. Biz hansı dövrdə yaşayırıq ki, kimisə rus dilində danışdığı üçün döysünlər?!”.

Gununsesi.info