Rus dilini öyrənənlərin sayı 70 milyon nəfər azalıb.
Gununsesi.info xəbər verir ki, bu fikri Rusiya prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy “interfax”- a açıqlamasında deyib. Onun sözlərinə görə, əgər 25 il bundan öncə dünyada 350 milyon insan rus dilində danışırdısa, bu gün 280 milyon insan bu dildə danışır. “Təəssüflə qeyd etmək istərdim ki, bu say ilbəil azalmaqdadır və rus dilini öyrənməyə meyl azalır. Ona görə də Rusiya hüdudlarından kənarda rus dilinin öyrənilməsi çox vacib məsələdir. Və bu heç də asan məsələ deyil”- deyə, M. Şvıdkoy vurğulayıb.
O, əlavə edib ki, məsələn 1990-c illərdə Polşada 3 milyon 650 min nəfər Rus dilində danışırdısa, bu gün cəmi 240 min nəfər danışır. “Bu gün Polşada xarici dilin öyrənilməsinə görə Rus dili 3-cü yerdədir. Bu gün Polşada xarici dil öyrənənlərin 66,6 faizi ingilis, 27,8 faizi alman, 3,6 faizi isə Rus dilini öyrənir. Bax budur göstərici”- deyə, o, əlavə edib.
M. Şvıdkoy eyni zamanda deyib ki, rus dilinin daha çox öyrənildiyi Qazaxstan və Qırğızstanda da getdikcə problemlər yaşanmaqdadır. O, deyib ki, Qazaxstan və Qırğızstan özlərini türkdilli dövlət kimi reklam edərək artıq rus dilinə deyil, başqa xarici dillərə üstünlük verirlər. “Bundan əlavə olaraq Qazaxstanda artıq ilbəil rusdilli ali məktəblərin sayı azalmaqdadır. Qazaxstanla yanaşı Qırğızstan da milli dilə keçmək istəyir və işlərini bu istiqamətdə qurub. Gürcüstanda demək olar ki, rus dili üçün qapılar bağlanılıb”- o, qeyd edib.
M. Şvıdkoy deyib ki, əlbəttə, bu məsələ ciddi problemdir: “Biz ilk olaraq postsovet məkanında rus dilinin yrənilməsi istiqamətində ciddi işlər görməliyik”.
Gununsesi.info
Область прикрепленных файлов