Rus generalı məbədimizin üzərinə Ermənistan bayrağının asılmasını əmr etdi

  • By admin
  • 22 Sentyabr 2021 12:48

Azərbaycan ordusunun həmin məbəd üzərindən separatçı rejimin əski parçasını endirilməsi tələbinə cavab olaraq…

“Dünən Artsaxın Martuni bölgəsinin Maçkalaşen icması ərazisindəki Azərbaycan hərbçiləri irəliləyərək neytral zonada mövqe tutublar. Sakinlərin və icma başçısının atdığı addımlar nəticəsində hadisə yerinə gələn rus sülhməramlıları azərbaycanlılarla aparılan danışıqlardan sonra onları əvvəlki vəziyyətlərinə qaytarmağı bacarıblar. Ancaq Azərbaycan hərbçiləri şərt qoyublar: Amaras məbədində Artsax bayrağı endirilməlidir”.

Gununsesi.info xəbər verir ki, bu gün səhər saatlarında Ermənistanın “Hraparak” nəşri belə bir məlumat yayıb.

Söhbət Azərbaycan Respublikasının Xocavənd rayonunun Cütçü kəndi yaxınlığındakı qədim xristian türk babalarımıza məxsus olmuş Amaras məbədindən gedir. Çar Rusiyası imperiyası dövründən həmin kəndə köçürülmüş ermənilər Amaras məbədini erməniləşdiriblər və nəticədə son 30 ildə həmin abidənin üzərinə separatçı-terrorçu rejimin əski parçasını asmağa adət ediblər. 10 noyabr üçtərəfli razılaşmasından bəri Cütçü kəndi kimi Amaras məbədi də müvəqqəti olaraq Rusiyanın rəsmən sülhməramlı hərbi birləşməsinin nəzarətinə verilib. Lakin o gündən bəri Azərbaycan tərəfi bir neçə dəfə sözügedən monastır üzərindəki əski parçasını endirtməyə nail olsa da, separatçı erməni hərbçilər onu yenidən asıblar.

Cütçü kəndinin qanunsuz “icma rəhbəri” Lernik Avanesyan dünən Azərbaycan ordusu tərəfindən əski parçasının endirilməsi tələbinin irəli sürüldüyünü təsdiqləyib. O, eyni zamanda hadisə yerinə gəlmiş adı çəkilməyən rus generalının da erməni hərbçilərə üzdəniraq “bayrağı” endirməyi və yerinə Ermənistan bayrağını asmağı əmr etdiyini
eşitdiyini söyləyib…

“Hələ oraya getməmişəm, bilmirəm, Azərbaycan hərbçiləri öz yerlərinə çəkiliblər, yoxsa yox. Amma rus generalın belə şeylər dediyini eşitdim” –deyə L. Avanesyan bildirib.

Zəruri şərh:
Əgər Rusiya sülhməramlı(?) generalı doğrudan da Azərbaycanın hüquqi-inzibati ərazisindəki məbədimizin üzərinə separatçı rejimin əski parçası yerinə Ermənistan bayrağını asmasını əmr edibsə, bu dövlətimizin suverenliyinə daha ciddi təhdiddir, yəni həmin ərazini Ermənistan ərazisi kimi təqdim etməkdir…
Ümid edirik ki, Azərbaycan Müdafiə Nazirliyi tezliklə məsələyə aydınlıq gətirəcək…

Gununsesi.info