Rus ordusu sürətlə irəliləyir

  • By admin
  • 04 Mart 2022 16:48

Bu gün döyüşlərin Nikolayev şəhərinin küçələrində getdiyi təsdiqlənirsə, demək ki, ruslar artıq Odessaya gedən quru yoluna da çıxıblar və hədəf Odessaya çatmaq, Moldovadakı separatçı bölgəyədək uzanan ərazini nəzarətə götürmək və beləliklə də Ukraynanın Qara və Azov dənizlərinə çıxışlarını qapatmaqdır.

Gununsesi.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şükürlü qeyd edib.

O bildirib ki, artıq Xerson, Melitopol və Berdyansk şəhərlərinin rusların nəzarətinə keçdiyi təsdiqlənib:

“Bu, bilirsiniz nə deməkdir? Bu, Rusiyanın hələ 2014-cü ildə özünə birləşdirdiyi Krıma hər iki istiqamətdən daxil olan əsas magistral yolların artıq onun nəzarətinə keçməsi və əsas liman şəhərlərindən biri olan Mariupolun da mühasirə altına alınmasıdır.

Bu gün Ukrayna özü artıq Zaporojye AES-in də rusların nəzarətinə keçdiyini etiraf edirsə, deməli, Rusiyanın hədəfi aydındır: Ukraynanın cənub cinahında ələ keçirdiyi bütün ərazilərin enerji təhlükəsizliyini də təminat altına almaq.

Beləliklə, görünən odur ki, Rusiya bu 9 gündə minlərlə əsgərinin və çoxsaylı texnikasının itirilməsi hesabına da olsa, onun üçün hədsiz strateji əhəmiyyətli bölgələrin əsas hissəsini tutmağa müvəffəq olub: Ukraynanın Krıma quru yolunu bağlayıb, Qara və Azov dənizlərinə çıxışını bağlamaqda isə son tamamlama işlərini aparır…”

Politoloq qeyd edib ki, Rusiyanın indi tutduğu əraziləri nə qədər əlində saxlaya biləcəyi Zelenskinin müqavimətindən, gələcək danışıqlardakı razılaşmalardan və Rusiyanın beynəlxalq təzyiqlərə tab gətirə bilib-bilməyəcəyindən asılı olacaq.

Gununsesi.info