
“Rus sülhməramlıların Azərbaycanın ermənilərin yaşadığı ərazilərdə fəaliyyəti ilə əlaqədar müsbət və qıcıqdoğurucu məqamlar mövcuddur”.
Gununsesi.info xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputatın sözlərinə görə, əgər rus sülhməramlıları fəaliyyətlərində belə qıcıqdoğurucu məqamları genişləndirərlərsə, o zaman Azərbaycan onların belə hərəkətlərinə qarşı tədbir görməlidir:
“Bu gün rus sülhməramlıların olduğu ərazidə kifayət qədər qıcıqdoğurucu məqamlar var. Amma müsbət tərəfi də odur ki, Rusiya sülhməramlıların məsuliyyət zonasında indiyədək ciddi bir insident baş verməyib və təhlükəsizlik təmin olunur. Qeyd edim ki, keçən ilin sonunda Fransanın prezidentliyə namizədi Valeri Pekresin Xankəndinə gizlin səfər edilməsinə şəraitin yaradılması, Kəlbəcərə gedən Azərbaycan maşınlarını erməni polisi ilə birgə yoxlanılması, Ağdamla sərhəddə ermənilərlə səngər qazılması və s qeyd etmək olar. Qarabağ iqtisadi rayonunda ermənilərin yaşadıqları ərazilərdə xidmət edən rus hərbçiləri həqiqətən sülhməramlı funksiyasını həyata keçirməlidirlər və səlahiyyət çərçivəsində hərəkət etməlidirlər”.
A.Badamov qeyd edib ki, dövlət başçılarının imzaladıqları üçtərəfli bəyanatlarda rus sülhməramlıların gəlişi ilə paralel erməni silahlıları Azərbaycanı tərk etməliydilər:
“Amma təəssüf ki, bu, baş vermədi və əksinə ermənilər mövqelərini möhkəmləndirməklə məşğuldurlar. Təbii ki, bu, onlara rus sülhməramlıların yaratdığı şəraiti sayəsində mümkün olur. Baş verən bütün bu prosesləri yaxından izləyirik. Əgər belə hallar davamlı olarsa, Azərbaycanın qəhrəman ordusu ermənilərin yaşadığı ərazilərdə anti-terror əməliyyatların keçirilməsinə başlaya bilər. Hər şey ermənilərin özlərini necə aparmalarından asıllıdır. Üçtərəfli razılaşmalara görə, zaman keçdikcə Qarabağda yaşayan ermənilər və ora qayıdacaq vətəndaşlarımız bir-birinə inteqrasiya olunmalı, qaynayıb qarışmalı və birgə yaşayışa öyrəşməlidirlər. Sülhməramlıların fəaliyyəti xalqların birgə yaşayışına öyrənilməsinə töhfə vermək olmalıdır. Əgər bu baş verməzsə, müqavilədə nəzərdə tutulmuş vaxt bitən kimi rus sülhməramlılarından ölkəmizi tərk etmək tələb ediləcək və yerdə qalan məsələləri Azərbaycan özü öz gücü ilə həll etməklə təhlükəsizliyi təmin edəcək”.
Gununsesi.info