“Rus sülhməramlılarının separatçı rejimdən heç bir fərqi yoxdur” – Deputat Elman Məmmədov

  • By admin
  • 09 Dekabr 2021 17:52

“Ermənistan murdar əməllərindən və xam xəyallarından əl çəkmir. Ona görə də belə təxribatlar baş verir. Nə qədər bəyanatlar verilsə, sənədlər imzalansa da, əvvəlki hərəkətlərini davam etdirir və bundan çəkinmirlər. Bəzi siyasətçilərin Ermənistan ordusunun Paşinyana tabe olmaması ilə bağlı fikirlər əsassızdır. Sadəcə olaraq, onlar Azərbaycanın qələbəsini həzm edə bilmirlər, ona görə də sərhədçilərimizin dayandığı yerlərə iddia edirlər”.

Gununsesi.info xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov erməni təxribatı nəticəsində Azərbaycan hərbçisinin şəhid olması barədə danışarkən deyib.

Parlament üzvü bildirib ki, ermənilər Azərbaycan əsgərinin onların ərazisinə girməsi ilə bağlı yalan danışır, davamlı olaraq əsassız iddialar səsləndirirlər: “Onlar bu fikirlərlə yaşadıqları təqdirdə, təxribatlar davam edəcək. Görürsünüz, hərbçilərimiz şəhid olur, ondan əvvəl isə Ermənistanın deputatları Qarabağa gələrək separatçı rejimlə görüşlər keçirirlər. Bəs bunu kimin boynuna yazaq, onlara bu şəraiti yaradan kimdir?! Əlbəttə ki, rus hərbçiləri… Bu gün Rusiya sülhməramlıları Laçın dəhlizinə nəzarət etməklə yanaşı, Azərbaycan sərhədçisi rolunu da oynayır. Bunlar ciddi məsələlərdir. 10 noyabr, 11 yanvar bəyanatları, 26 noyabr Soçi görüşü və s. belə görüşlər və müxtəlif sənədlər imzalanır, ancaq ermənilər bildiklərini edir, hətta bir az da üstünə qoyurlar. Problemin həlli üçün bu gün də Qarabağda Rusiya sülhməramlılarının himayəsi altında fəaliyyət separatçı rejimin və Ermənistan silahlı birləşmələrinin tör-töküntüsü məhv edilməli, ərazidən çıxarılmalıdır. Hesab edirəm ki, rus sülhməramlılarının da separatçı rejimdən heç bir fərqi yoxdur. Azərbaycan-Ermənistan sərhədində Azərbaycan sərhədçisi dayanmalıdır. Sərhədlər dəqiqləşdirilməlidir. Yalnız bundan sonra bəlkə də belə təxribatlarla üz-üzə qalmarıq. Həmçinin ermənilərin Laçın dəhlizi ilə sərbəst gəliş-gedişi təmin olunduğu kimi, biz də Zəngəzur dəhlizinin açılmasını tələb etməliyik”.

Gununsesi.info