Azərbaycanda mənasız, boş pafos, başdan ayağa cahillik dolu bir anlayış da, əksər hallarda savadsız, dünya görüşsüz, təhsilsiz insanların rusdilli adamlara, elitaya qarşı olan nifrəti, kinidir.
Azərbaycanca bildiyi halda danışarkən Rus sözlərindən istifadə edən, yaxud aksenti rusca olan adamlara qarşı aşağılayıcı münasibət göstərmək, guya ki, Azərbaycan dilinin amansız qədrini bilən kimi görünmək, əlbəttə, doğru deyildir.
Əvvəla, öz dilindən əlavə başqa dil bilmək digər bilgisiz, təkcə öz dilini bilən insanlardan üstün olmaq deməkdir. Yəni ən azı təhsil, dünya görüş səviyyəsində belədir. Xüsusi ilə müasir dövrdə dil bilgilərinin çox olması da əlavə avantajdır.
Amma nədənsə, rus dili ox olub, gözlərə batır. Məsələn, qarşıdakı adam Rus yox, İngilis sözlərindən istifadə edəndə, dil nifrətkarı adamlarda Azərbaycan dili “damarı” yada düşmür. Yaxud, başqa dillərdə danışılsa, yenə yada düşməz.
Fəqət məsələ Rus dilidirsə, münasibətlər dəyişir. Azərbaycanda Rus dili məktəbdə tədris olunur, bunun üçün ayrıca Rus sektoru var və məhz bu sektoru bitirən hansısa adamın rusdilli olmasında, o aksentlə danışmasında problem nədir? Yoxsa Azərbaycanca danışan adamların hamısı elə bilir ki, təmiz Azərbaycan dilində danışırlar?
Bütün hallarda isə ortada bir mənzərə var: Rusdilli adamlar, elita hər zaman fərqlənir. Bu fərqlənmə etikadan tutmuş təhsilə, intellektual bazaya qədər özünü göstərir ki, yəqin bunun özü də ayrıca bir qıcıqlandırıcı predmetdir. Məsələn, bu gün Azərbaycanda az-çox oxuyan təbəqə də Rusdilli elitadır.
Onlar kitab da alır, teatra, kinoya da gedir. Çünki doğrudan da belə məsələlər onlarçün bir etika, həyat tərzidir. Rus dilində təhsil alan məktəbli ilə Azərbaycan dilində təhsil alan məktəbli arasındakı fərqləri görmək doğrudanmı çətindir? Məsələn, Rus sektorunda ədəbiyyat dərsləri elə bir səviyyədə keçirilir ki, şagird aşağı siniflərdə belə dünya ədəbiyyatından xəbərdar olur.
Amma bir Azərbaycan sektorunda oxuyan şagirdin Tolstoydan, Dostoyevskidən, Çexovdan, Hüqo, Servantes və.s başqa müəlliflərdən xəbəri ən yaxşı halda özü təşəbbüs göstərərsə, universitet vaxtı olur. O da alababat.
Doğrudan da Rus dilinə nifrət etmək, bu dildə danışan insanları gözüm çıxdıya salmaq, “Ayə, Azərbaycancah danışdana” tonunda “narjat” etmək “çuşkalıq” əlamətidir. Təhsili, dünya görüşü, elementar etikası olan adam kimlərinsə başqa dildə danışmasına görə narahat olmamalıdır.
Dünyanın dünyəviləşdiyi bir zamanda hansısa keçmiş, mənasız səbəblər gətirərək ictimai qadağalara təhrik eləmək də qorxaqlıq, natamamlıq əlamətidir. Əgər hətta bir adam məhz “Qlamur” olmaq, fərqli görünmək üçün belə Rus və ya başqa dillərdə danışır, özünü o cür rahat ifadə və hiss edirsə, yenə də heç bir problem yoxdur. Bu kimi məsələlərə qarışmaq ən azından azadlığa müdaxilədir.
Yox, doğrudan da kimlərsə Azərbaycan dilinin qeyri-zənginliyindən, aktual olmamasından, unudulmasından və başqa məsələlərdən narahatdırsa, səbəbləri başqa yerlərdə axtara bilər.
Burada ən axırıncı ünvan belə rusdilli elita deyildir.
“Так что не ошибайтесь в адресе”.
Orxan Saffari
Gununsesi.info