Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya sülhməramlı kontingentinin 2025-ci ildə Azərbaycandan çıxacağını deyir.
Qeyd edək ki, Vilnüsdə NATO sammitinin sonunda mətbuat konfransında azərbaycanlı jurnalistin sualını cavablandıran Ərdoğan “Anlaşma Rusiya əsgərinin 2025-ci ilə qədər bu yerlərdə qalmasını nəzərdə tutur. 2025-ci ildə Rusiya buraları tərk edəcək” deyə bildirib.
Türkiyə prezidenti əlavə edib ki, anlaşma bu istiqamətdədir: “Mən də Rusiyanın bu anlaşmaya sadiq qalacağına inanıram. Dəyərli qardaşım İlham Əliyev də bunu yaxından izləyir”.
Siyasi ekspert Elçin Rüstəmli isə Gununsesi.info-ya açıqlamasında Rusiyanın 2025-ci ildə bölgəni tərk edəcəyinin o qədər də asan olmadığını deyir: “Rusiya faktiki olaraq, separatjı rejimi qoruyan, bəsləyən qüvvə kimi orada oturub. Əslində Rusiya sülhməramlılarının Qarabağdan çıxmasını şərtləndirən bir çox amillər var. Birincisi, rusların oraya gətirdiyi hərbi texnika sülhməraml missiyası üçün nəzərdə tutulan hərbi texnika deyil. İkincisi, Rusiya bu günə qədər Qarabağda baş verən əsas təxribatların təşəbbüskarı və istiqamətləndiricisi olub. Bəzən elə hallar baş verib ki, Baş nazir Paşinyan sonradan bundan xəbər tutub. Qarabağdakı separatçı rejim Paşinyandan daha çox Rusiyaya bağlıdır. Ona görə də düşünmürəm ki, Rusiya 2025-ci ildə Qarabağı tərk etməyə hazır olsun. Amma biz onları buna vadar etməliyik”.
Afət Abbasova
Gununsesi.info