“Rusiya 3 həftədə Ukraynada 7 min əsgər itirib” – “The New York Times”

  • By admin
  • 17 Mart 2022 13:34

Ukraynadakı müharibənin üç həftəsi ərzində Rusiya 7 mindən çox əsgərini itirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “The New York Times” ABŞ kəşfiyyatının məlumatlarına istinadən məlumat yayıb. Yazıda qeyd olunur ki, bu rəqəm İraq və Əfqanıstanda 20 ildə öldürülən amerikalı əsgərlərin ümumi sayından çoxdur.

ABŞ rəsmilərinin fikrincə, cəmi üç həftəlik döyüşlərdə verilən itkilər Rusiya bölmələrinin döyüş qabiliyyətinə ciddi təsir göstərib. Pentaqon hesab edir ki, ölən və yaralananlar da daxil olmaqla, 10 faizlik itki nisbəti bölmələri hərbi tapşırıqları yerinə yetirmək imkanından məhrum edir.

Qəzet yazır ki, Ukraynadakı müharibədə 150 mindən çox rus əsgəri iştirak edir. Döyüşlərdə yaralananların sayı isə 14-21 min arasıdır. Pentaqon rəsmiləri hesab edir ki, müharibədə həlak olanların sayının artması rus əsgərlərinin döyüşləri davam etdirmək istəyinə mənfi təsir göstərə bilər. ABŞ kəşfiyyatına görə, rus ordusunun əhval-ruhiyyəsi kəskin şəkildə aşağı düşüb və hərbçilərin təchizatı atıb meşəyə getməsi barədə dəlillər var.

Gununsesi.info