Rusiya Azərbaycandan pomidor idxalına qadağa qoydu

  • By admin
  • 18 İyul 2023 19:41

Rusiya Azərbaycandan pomidor idxalına qadağa qoyub.

Belə ki, iyulun 8-də Azərbaycandan ixrac edilən 16 ton təzə pomidor partiyasına baxış zamanı məhsulda Avrasiya İqtisadi İttifaqının ərazisində olmayan Cənubi Amerika pomidor güvəsi (zərərli orqanizm) aşkar edilib.

Bu barədə Rusiya Karantin Fitosanitar Nəzarəti Xidmətinin (“Rosselxoznadzor”) Moskva regional idarəsi məlumat verib:

“Rusiya Federasiyasının fitosanitar qanunvericiliyinə uyğun olaraq, yararsız məhsulların partiyası Azərbaycan ərazisində yükgöndərənə qaytarılıb”.

Bu addım Azərbaycandan pomidor ixracına necə təsir edəcək? Ümumiyyətlə, Rusiya tərəfinin hər il təkrarlanan bu davranışının arxasında hansısa siyasi məqamlar dayanırmı?

Mövzu ilə bağlı iqtisaçı-ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında bildirib ki, bu iqtisadi yox, siyasi addımdır:

“Bu, bəhanədir. Rusiya tərəfi dəfələrlə Azərbaycana təzyiq göstərmək istədikdə bu üsula əl atıb. Burada məntiq axtarmağın heç bir əhəmiyyəti yoxdur. Siyasi qərardır. Son zamanlar Azərbaycan Ukraynaya humanitar yardım göndərdi. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya XİN-ə haqlı iradlar bildirdi. Bu qərar da bütün bunların təsiri ilə alınıb”.

İqtisadçı Azərbaycan pomidor ixracının Rusiya bazarındakı rolu barədə də danışıb:

“Azərbaycan Rusiyaya ildə 300-350 milyon dollarlıq pomidor ixrac edir. Bu da Rusiya bazarının kiçik hissəsini təşkil edir. Son zamanlar Türkiyə, Latın Amerikası ölkələri, Rusiyanın Krasnoyarks vilayəti Rusiya bazarının təminatında önə çıxıb. Müəyyən bahalaşmalar olsa da, Rusiyanın Azərbaycan pomidorundan ciddi asılılığı yoxdur”.

N.Cəfərlinin sözlərinə görə, Rusiyanın qadağası Azərbaycanda müəyyən problemlərə səbəb olacaq:

“Bizim xarici bazarlara çıxış imkanlarımız geniş deyil. Rusiya bazarı kənd təsrüfatı məhsullarında önəmli yer tutur. Rusiya tərəfi Azərbaycandan pomidor idxalını uzun müddət qadağan etsə, yaxud məhudlaşdırsa, bu, daxili istehsalçıların ziyanına olacaq. Bir müddət sonra Azərbaycanla danışıqlar nəticəsində qadağa aradan götürülə bilər. Lakin bu müddət ərzində Azərbaycanın daxili ixracatçıları ziyana gedəcək. Çünki alternativ bazarlarımız yoxdur. Rusiya bazarı dominantlıq təşkil edir. Biz Avropa Birliyi ilə (Aİ) ticarət müqaviləsi bağlasaydıq, Ümumdünya Ticarət Təşkilatının üzvü olsaydıq, bu qədər çətinlik çəkməzdik”.

Gununsesi.info