Rusiya BMT-nın mənzil qərargahının Nyu-Yorkdan Cenevrəyə köçürülməsini istəyir

  • By admin
  • 27 Sentyabr 2019 22:03

ABŞ hökumətinin Rusiyanın BMT Baş Assambleyasında iştirak edəcək nümayəndə heyətinin bir qisminə viz verməkdən imtina etməsi rəsmi Moskvanı xeyli qəzəbləndrib.

Gununsesi.org xəbər verir ki, İsveçrənin “Le Temps” qəzetinin yazarı Emmanuel Qrinşpanın yazıdğına görə, Kreml BMT-nin mənzil-qərargahının Nyu-Yorkdan İsveçrənin Cenevrə şəhərinə köçürülməsini istəyir.

Rusiyanın bu niyyəti parlamentin yuxarı palatası Federasiya Şurasının Beynəlxalq əlaqələr üzrə komitəsinin sədr müavini, erməni əsilli Vladimir Cabarov tərəfindən dilə gətirilib.

“BMT-nin baş qərargahını onu dar siyasi maraqları üçün istifadə etməyə çalışmayan, bitərəf bir dövlətin ərazisinə keçirməyin vaxtı deyilmi? Bu, hətta sanksiya altında olan insanların gəlməsinə maneçilik törətməyən İsveçrə və ya Avstriya kimi ölkələr ola bilər”, – deyə Rusiya senatoru bildirib.

Vladimir Cabarov “Kommersant” qəzetinə verdiyi müsahibədə onlarla rusiyalı diplomatın viza verilməməsi ucbatından Baş Assambleyanın iclasında iştirak etməməsinə toxunaraq xarici işlər naziri Sergey Lavrovun oraya olduqca kiçk heyətlə yollana bilməsindən şikayətlənib.

Rusiya rəsmisi bu səbəbdən dünyanın ən böyük və yeganə universal təşkilatının Amerika qitəsindən Avropaya köçürülməli olduğunu deyib.

Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) Beynəlxalq hüquq kafedrasının professoru Dmitri Labin bunu senatorun şəxsi təşəbbüsü və onun emosional reakiyası adlandırıb. Onun sözlərinə görə, hətta Stailin belə, BMT-ni Soçiyə yerləşdirmək istəyib, lakin kommunist rəhbərin ideyası Qərb müttəfiqləri tərəfindən soyuq qarşılanıb.

D.Labinin fikrincə, indi Moskva daha realist mövqe sərgiləyir. Rusiyalı alim BMT mənzil qərargahının Nyu-Yorkdan başqa məkana köçməsinin olduqca baha başa gələn və böyük xərc tələb edən bir proses olduğunu vurğulayıb.

Beynəlxalq əlaqələr və ABŞ-Rusiya münasibələri üzrə tanınmış ekspertlərdən sayılan Vladimir Frolov Rusiyanın təklifinin keçmək şansının olduqca az olduğunu söyləyib.

“Bu, ancaq fikri yayındırmaq və rəqiblərini qıcıqlandırmaq üçün deyilmiş sözlərdir. Moskva ayı sirkinə bənzəyən Təhlükəsizlik Şurasında dəstək qazana bilməz”, – deyə o, qeyd edib.

Lakin Rusiya Xalq Təsərrrüfatı Akademiyasının dövlət siyasəti üzrə kafedrasının dosenti Kira Sazonova bu fikirlə razılaşmır. Onun sözlərinə görə, Cenevrə bir vaxtlar Millətlər Cəmiyyətinə də ev sahibliyi edib. Buna görə orada hansısa yeni bir məkan qurmaq lazım gəlməyəcək. Xanım Sazonova hazırda bu məsələnin Vladimir Cabarovun şəxsi fikri olmayıb, dünyanın önəmli nöqtələrində müzakirə edildiyini bildirib.

 

 

Gununsesi.org