Rusiya çalxalanır: Generallar Putini devirir?

“Rusiya Prezidenti Vladimir Putin devrilə bilər”.

Bunu Slovakiyanın müdafiə naziri Yaroslav Nad deyib.

O hesab edir ki, Rusiyada qismən səfərbərliyin elan olunması hakimiyyəti çətin siyasi vəziyyətə salacaq və proseslər Putinin devrilməsi ilə nəticələnəcək.

Xatırladaq ki, sentyabrın 21-də Vladimir Putin xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib. Lakin səfərbərlik qərarından sonra Rusiyada xaotik vəziyyət yaranıb.

Belə ki, Ukraynada döyüşmək istəməyən minlərlə rusiyalı ölkəni tətk etməyə başlayıb. Bu isə təyyarə biletlərinin kəskin şəkildə bahalaşmasına səbəb olub. Həmçinin, Rusiyanın bir neçə şəhərində qismən səfərbərlik qərarına qarşı etiraz aksiyaları keçirilib. Bütün bunların fonunda isə Rusiya ordusunda qiyam başlayacağı və hətta Putinin devriləcəyi ehtimal olunmağa başlayıb.

Bəs bu iddialar reallaşa bilərmi?

Bununla bağlı Cebhe.info-ya danışan politoloq Natiq Miri bildirib ki, Kremldə uzun müddətdir səfərbərliklə bağlı müzakirələr gedirdi:

“Bu, ən mübahisəli məsələlərdən biridir. Böyük bir risk daşıdığı üçün indiyə kimi bu qərar verilmirdi. Hazırda adı qismən səfərbərlik kimi elan olunsa da, bu səfərbərlik qətiyyən qismən deyil. Əslində bu da Rusiya ordusundakı vəziyyətin nə qədər böhran səviyyəsinə çatdığını göstərir. Yəni bu, məcbur bir addımdır. Əlbəttə ki, bu məsələ birmənalı olaraq Kremldəki insanları fikir ayrılıqlarına gətirib çıxara biləcək. Çünki bu qərarın indiyə qədər qəbul oluna bilməməsi məhz fikir ayrılıqları ilə bağlı idi. Əgər bu gün bu yöndə qərar verilirsə, deməli vəziyyət böhran həddinə gəlib çıxıb. Çünki Ukraynada döyüşən rus ordusu həm silah, həm də canlı qüvvə baxımından 60 faizdən çox ehtiyatlarını itirib. Yəni Ukraynanın əks-hücumlarının qarşısının alınması üçün bu ordu hissələrinin yenidən kompleksləşdirilməsinə ehtiyac var idi”.

Politoloq qeyd edib ki, fikir ayrılıqları olduğu üçün Rusiya ordusunda qiyam başlaya və hətta Putin devrilə bilər:

“Həm orduda, həm də siyasi hakimiyyətin içərisində, xüsusilə xüsusi xidmət orqanları arasında böyük fikir ayrılıqları var. Üstəlik, səfərbərlik və saxta referendum qərarları ilə yanaşı, nüvə silahından istifadə oluna biləcəyi ilə bağlı məlumatlar da paralel olaraq dövriyyəyə buraxıldı. Hazırda Rusiya siyasi hakimiyyətinin vəziyyəti yaxşı deyil. Çünki hakimiyyət içərisində böyük parçalanma var. Ona görə Putini saraydaxili çevrilişlə də devirə bilərlər. Həmçinin, güc orqanlarında hakimiyyətin dəyişilməsi məsələsinə də rəvac verilə bilər. Hətta zaman-zaman Vladimir Putinin fikirlərinə açıq şəkildə qarşı çıxan insanların olduğunu da görürük. Hansı ki, 1-2 il bundan əvvəl belə bir şeyi düşünmək belə mümkün deyildi”.

Natiq Miri əlavə edib ki, ardıcıl verilən qərarlar Rusiya cəmiyyətində böyük parçalanma yaradıb:

“Bu da konkret sosial və siyasi etirazlarla müşahidə olunur. Müəyyən insanları həbs edərək qısa müddətdə bunun qarşısını almağa çalışırlar. Lakin Ukraynada gedib ölmək məsələsi aktuallaşanda Rusiya xalqı küçələrə çıxaraq ciddi dirəniş göstərə bilər. Kremli ən çox narahat edən məsələlərdən biri də məhz budur. Rusiya xalqı dünənə qədər Ukraynanın cəzalandırıldığına inanırdı, amma indi orada bundan danışan yoxdur. Buna görə də hazırda Vladimir Putin iqtidarı üçün təhlükə mövcuddur”.

Gununsesi.info