Rusiya Hərbi Dəniz Qüvvələri, Çin və İran Hərbi Dəniz Qüvvələrinin gəmiləri Oman körfəzində “Dəniz təhlükəsizlik kəməri 2024” beynəlxalq hərbi dəniz təliminin tapşırıqlarını yerinə yetirməyə başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə martın 12-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Təlim Ərəb dənizindəki Oman körfəzində keçirilir.
Nazirliyin məlumatına görə, təlim zamanı üç ölkənin hərbi gəmiləri birgə manevrlər edəcək, yerüstü və hava hədəflərinə atəş edəcək, həmçinin dəniz quldurları tərəfindən əsir götürülən gəminin azad edilməsi elementlərini məşq edəcəklər.
Ümumilikdə təlimlərə Rusiya Hərbi Dəniz Qüvvələri, İran və Çin Hərbi Dəniz Qüvvələrinin 20-dən çox gəmisi, yardımçı gəmiləri və döyüş katerləri cəlb olunub. Dəniz helikopterlərindən də geniş istifadə olunur.
“Dəniz təhlükəsizlik kəməri – 2024” beynəlxalq hərbi dəniz təlimi artıq altıncı dəfədir ki, keçirilir. İlk dəfə 2018-ci ildə Ərəb dənizində keçirilib. Rusiya Hərbi Dəniz Qüvvələri, İran və Çin Hərbi Dəniz Qüvvələrinin gəmiləri davamlı olaraq təlimlərdə iştirak edir.
Təlimdə ilk dəfə olaraq Pakistan, Qazaxıstan, Azərbaycan, Oman, Hindistan və Cənubi Afrikanın hərbi dəniz qüvvələrinin nümayəndələri müşahidəçi qismində iştirak edəcəklər.
Gununsesi.info