
Son günlər Ermənistanda Rusiya əleyhinə etirazlar baş qaldırıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvanda səfərdə olduğu zaman qərbpərəst ermənilər əllərində Amerika bayraqları ilə küçələrə axışaraq, Rusiya qarşı etiraz aksiyası keçiriblər.
Aksiya iştirakçıları Rusiya əleyhinə şüarlar səsləndirib və Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasını tələb ediblər.
İrəvanda yüksələn etirazlar fonunda Rusiya hansı addımı atacaq?
Bu barədə Modern.az-a danışan politoloq Qabil Hüseynli Rusiyanın 200 il ermənilərə himayədarlıq etdiyini xatırladıb. Onun sözlərinə görə, Rusiya ermənilərə torpaq verib, onlar üçün dövlət qurub:
“Ermənistanda hərbi hissələr belə yaradıb. Hətta bu gün ermənilərin sərhədlərini də Rusiya qoruyur. Ermənistandakı istehsal müəssisələrinin bir çoxu rusiyalı sahibkarlara məxsusdur. İşləyən zavodlara görə də Ermənistan Rusiyaya borcludur. Bir sözlə, indiyə kimi ruslar ermənilərin qulluğunda dayanıb. İndi baş nazir Nikol Paşinyanın qərbyönümlü siyasət yürütməsinə görə münasibətlərin soyuması dərhal erməniləri ürküdüb. Nəticədə Ermənistanda aventurist xarakterli mitinqlər başlayıb”.
Politoloqun fikrincə, ermənilərin siyasi mövqe dəyişməsi təəccüblü deyil. Onlar bunu özlərinə ar bilmirlər. KTMT-dən gözlənilən cavabı almayan Ermənistanın mövqe dəyişməsi bu ölkənin əsl mahiyyətini ortaya qoyur:
“Ermənilər öz problemlərini başqalarının ayağına yazmağa adət ediblər. Ancaq Rusiya Ermənistanın asanlıqla onun təsirindən çıxıb, Qərbə doğru meyillənməsinə icazə verməyəcək. Çünki Rusiyanın orada bir sıra bazaları var. Rusiyanın Ermənistanda “5-ci kolonu” kifayət qədər güclüdür. Qarabağ erməniləri və revanşistlər tamamilə Rusiyanın əlindədir. Lazım gəlsə, Rusiya Ermənistandakı “5-ci kolon” vasitəsilə indi anti-Rusiya mitinqindəki insanlardan qat-qat çox insanı meydana çıxara bilər. Onu da qeyd edim ki, Ermənistandakı mitinqlərə Kremldən rəsmi etiraz gözlənilir. Nazirlər kabineti sədrinin müavini Aleksey Overçuk Ermənistanda səfərdədir. Yəqin ki, o bu məsələyə toxunacaq”.
Politoloq, həmçinin vurğulayıb ki, amerikalı spiker Nensi Pelosinin İrəvana səfəri müsbət heç nə vəd etmir:
“Nensi Pelosinin İrəvan səfəri regionu qarışdırmaq məqsədi güdür. Onun əsl hədəfi İrandır. Bu səfər nə bölgəyə, nə Ermənistana pozitiv nəsə vəd edir. Pelosinin İrəvana gəlməsi səbəbsiz deyil. Bildiyimiz kimi, ABŞ Nümayəndələr Palatasına noyabrda növbəti seçki keçiriləcək. Çox güman ki, Pelosi həmin seçkidə məğlub olacaq, ermənilər onu xilas edə bilməyəcəklər”.
Xatırladaq ki, Ermənistan Azərbaycanla sərhəddə baş verən son hadisələrlə əlaqədar KTMT-yə müraciət etsə də, istədiyi cavabı almayıb. Bu səbəbdən ermənilər KTMT əleyhinə etirazlara start veriblər.
Gununsesi.info