Rusiya-Ermənistan gərginliyinə əsas səbəb: Daha da kəskinləşəcək -Fəzail Ağamalı 

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Fəzail müəllim, son günlər Qarabağa qanunsuz olaraq yerləşdirilmiş Ruben Vardanyan ətrafında gərginlik daha da çoxalır. Onun yerli ermənilərlə problemlər yaşadığı bildirilir. Sizcə, burada “Vardanyan layihəsi”nin iflasa uğramasına səbəb nə oldu?

– Qarabağda son günlər gedən proseslər sübut edir ki, Rusiyanın layihəsi olan Ruben Vardanyan üzərinə götürdüyü “missiyanı” icra edə bilmir. Əslində burada məqsəd Moskvadan Qarabağa göndərilən və bütün vasitələrdən istifadə edərək, prosesin normallaşmasına imkan verməmək, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən, bizimlə yaşamağa üstünlük verən sıravi ermənilərin bu niyyətlərinə mane olmaq idi. Nəticə etibarı ilə elə bir situasiya yaratmaq niyyəti güdürdülər ki, həmin bölgədə müvəqqəti yerləşən rus sülhməramlılarının da burada qalmaq zamanı uzadılsın. Onların açıq görünən məqsədi bu idi. Bu, bütün tərəflərdə də özünü göstərirdi. Eyni zamanda Vardanyanın bu əraziyə gəlişi ilə separatçıların və orada qalmaqda olan qanunsuz erməni silahlılarının yenidən fəallığının artırılması düşünülürdü. Məhz onların qanunsuz olaraq silah-sursatla təmin olunması da intensivləşirdi.

– Azərbaycanlı fəalların Şuşa-Xankəndi yolundakı aksiyası qarşı tərəfin bu planlarına necə təsir etdi?

– Bu günə qədər separatçılar tərəfindən orada olan Azərbaycanın yeraltı sərvətləri vəhşicəsinə talan edilib, mənimsənilib, bazarlarda satılıb. Bunun müqabilində də oradakı separatçı rejim özünü silah-sursatla təmin edib. Bununla yanaşı bölgədə separatizmi gücləndirmək məqsədlərinə də vəsait ayrılıb. Amma bütün bunların qarşısını azərbaycanlı fəallar, ictimai təşkilatların təmsilçiləri böyük məharətlə almış oldu. Bununla da əslində Moskvanın özü belə çıxılmaz vəziyyətə salındı. Çünki bu dinc aksiya həyata keçirilərkən Azərbaycana qarşı ən müxtəlif platformalarda hücum kampaniyası başladıldı. Bunun içərisində Ermənistan da yer almışdı. Hətta Ermənistan Fransanın köməyi və yardımı ilə bu məsələni BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxardılar. Amma Fransanın bütün səylərinə baxmayaraq Azərbaycan diplomatiyası bu məsələdə də onu çıxılmaz duruma salaraq, prosesdən əli boş çıxmasına nail oldu. Bununla da dünya birliyi birmənalı şəkildə qəbul etməli oldu ki, Şuşa-Xankəndi yolunda keçirilən aksiya dinc xarakter daşıyır. Çünki bu yol humanitar məqsədli keçidlər üçün tam açıqdır.

– Ermənistanın yaranmış situasiyadan istifadə etmək niyyəti necə alt-üst oldu?

– Burada erməni tərəfinin bütün planları puça çıxdı. Azərbaycan tərəfi burada çox böyük məharət və bacarıqla prosesləri idarə edərək Ermənistanı və ona havadarlıq edəın Fransanı çıxılmaz duruma saldı. Faktiki olaraq Ermənistan bu proseslərdən tamamilə kənarlaşdırıldı. Ermənistan bu aksiyadan Azərbaycan əleyhinə istifadə etməyə cəhd etsə də bunu bacarmadı.

– Erməni tərəfinin rus sülhməramlılarına qarşı ittihamları və bunun davamı olaraq Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı verilən bəyanatlar sonrakı dövr üçün nə dərəcədə təsirli görünür?

– Fakt odur ki, Ermənistan tərəfinin bu cür davranışları onun Rusiya ilə münasibətlərinin gərginləşməsinə səbəb olub. Gedən proseslər isə Azərbaycanın xeyrinədir. Burada ölkəmiz yumşaq gücdən istifadə edərək Qarabağda, ermənilərin yaşadığı ərazilərdə öz suverenliyinin təmin edilməsi üçün addım-addım irəliləyir. Artıq bu il mövcud məsələ ilə bağlı daha konkret addımlar atılacaq. Çünki Vardanyanın burada heç bir perspektivi yoxdur. Hətta Qarabağda yaşayan erməni əsilli vətəndaşların ona qarşı olan narazılıqları getdikcə çoxalır. Eyni zamanda oradakı separatçılarla onun arasında münasibətlər kəskinləşir. Bütün bunlar yaxın gələcəkdə daha ciddi addımların atılması ilə müşahidə olunacaq.

Gununsesi.info