Rusiya neft hasilatının cari qiymətlər səviyyəsində azaldılmasını məqsədəuyğun saymadığını, lakin diskussiyalara açıq olduğunu bəyan edib.
Gununsesi.info-nun RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu açıqlamanı Rusiyanın energetika naziri Aleksandr Novak verib.
Nazir “Rusiya OPEC-lə hasilatı məhdudlaşdırmaq məsələsini müzakirə etməyə hazırdırmı?” sualının cavabında bildirib ki, Rusiya tərəfi neft bazarındakı şəraitin monitorinqi və diskussiyaya hazırdır, lakin bunun məqsədəuyğunluğu suallar doğurur.
A.Novak hazırda neft qiymətlərinin 50 dollar/barel səviyyəsində sabitləşdiyini və bunun normal hədd olduğunu vurğulayıb. O deyib ki, əgər qiymətlər bu səviyyədən aşağı enərsə, o zaman Rusiya fəal şəkildə bu problemin həlli yollarını axtara bilər.
Xatırladaq ki, sentyabrın 26-28-də Əlcəzairdə OPEC ölkələrinin növbədənkənar iclası keçiriləcək. İclasda əsas müzakirələr neft hasilatının dondurulması və neft qiymətlərinin artırılması ilə bağlı məsələlər ətrafında aparılacaq.
Gununsesi.info