“Rusiya işğalçıları torpaqlarımızdan qovmağa imkan verməklə kimin yanında olduğunu təsdiq edib”- Qüdrət Həsənquliyev

  • By admin
  • 13 İyul 2021 14:48
Gununsesi.info xəbər verir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin aktual mövzuları ətrafında Moderator.az əməkdaşının suallarını cavablandırıb:
– Qüdrət bəy, ABŞ, Fransa və Rusiya səfirlərinin Şuşaya səfərdən imtina etmələrini necə qarşıladınız?
– Bu, gözlənilən idi. Həmsədrlər 30 il ərzində münaqişənin danışıqlar yolu ilə, qansız həlli üçün heç nə etmədilər. Bəziləri münaqişəni əbədi saxlamaq, digərləri Azərbaycanın əsəblərinin davam gətirməyib Qarabağı ermənilərə nə vaxt güzəştə gedəcəyi günü gözlədilər. Nəticədə səbrimiz tükəndi və əlverişli geosiyasi vəziyyətdən istifadə edib torpaqlarımızın əhəmiyyətli hissəsində suveren hüquqularımızı bərpa etdik. Amma bu, on min nəfərdən çox gənc həyatı bahasına, iki qat artıq gəncin  isə sağlamlığını itirməsi hesabına başa gəldi. Əzizlərini itirən insanlar həyatlarının son günlərinə qədər həmin itkinin ağırlığı altında yaşayıb, əzab çəkəcəklər. Buna görə vasitəçi həmsədrlər vicdan əzabı çəkmək əvəzinə bu cür təxribatçı davranışları ilə işğalçılara və seperatistlərə ümid verməklə münaqişənin davam etməsini hədəfləyir, tərəflərə təsir imkanlarını saxlamaq istəyirlər. Hər kəs başa düşür ki, Ermənistanda Paşinyan hakimiyyətə gəlməsə və erməni xalqı Rusiyaya arxa çevirib Qərbə meyllənməsəydi işğal bu gün də davam edirdi. Xalqımız haqlı olaraq hiddətlənsə də soyuq başla məsələlərə yanaşmalıyıq. Dünya bu üç ölkədən ibarət deyil. Şuşaya gedən 46 səfir bunu bir daha təsdiq etdi. Xüsusilə, onu da nəzərə almalıyq ki, hansı rəsmi açıqlamanı verəcəyindən asılı olmayaraq, Rusiya Ermənistanın KTMT üzrə hərbi-siyasi müttəfiqi kimi digər həmsədrlərdən fərqlənməmək üçün səfərdən imtina edib. Rusiya 44 günlük savaşda tərəf tutmayıb işğalçıları tapdalayıb it kimi torpaqlarımızdan qovmağımıza imkan verməklə kimin yanında olduğunu təsdiq edib. Əslində ermənilər bunu gözəl anlayır. Kimsə fikirləşirsə ki,bu bizim haqqımız idi, kimə haqqı çatanı verirlər ki?! Müasir dünyda beynəlxalq hüquq, ədalət deyilən bir şey varmı? Hansı dövlətin `marağı` nəyi tələb edirsə, onu da edir. Hər bir azərbaycanlı bu hadisədən sonra, iqtidrada və müxalifətdə olmasından asılı olmayaraq, bir daha düşünməlidir ki, əslində İlham Əliyevin liderliyi ilə Azərbaycan hansı möhtəşəm uğura imza atıb.
– Şuşaya səfər zamanı Şeyxin Xamneyinin nümayəndəsi Ocaqnejatdan sonra dayanıb namaz qılması birmənalı qarşılanmadı.
– Qonağa hörmət bizim ən böyük üstünlüyümüzdür və adət-ənənəmizdən qaynaqlanır. Bir dəfə Şeyxlə Misirdə səfərdə idim. Misirin nüfuzlu din xadimlərinin və rəsmilərin iştirakı ilə görüş keçirilirdi. Görüş başlayarkən onlar qonaq kimi, hörmət əlaməti olaraq Şeyxdən xahiş etdilər ki, o Qurandan ayələr oxusun və görüş başlasın. Əsas Xamneyinin nümayəndəsinin Şuşaya səfəridir, qalan məsələlər təfərrüatlardır. Şeyx nə etdiyini bilir və görünür qonaqpərvərliklə yanaşı həm də qonağın daha çox diqqət çəkməsini istəyib. Buna görə onu tənqid etmək yox, alqışlamaq lazımdır.
Gununsesi.info