Rusiya kürd kartından istifadə edib ABŞ-ı Yaxın Şərqdən çıxarmaq istəyir - SİYASİ İCMALÇI

  • By admin
  • 27 Sentyabr 2017 12:00

xaleddin ibrahimli

İraqın şimalında kürd əyalətinin müstəqilliklə bağlı referendum keçirməsi heç şübhəsiz bölgədə gərginliyi artırdı və daha da artıracaq.

Bunu Gununsesi.info-ya açıqlamasında siyasi icmalçı Xaləddin İbrahimli deyib.

Onun sözlərinə görə, referendum hələ müstəqillik demək deyil. “Ərbil yönətimi hələ 2005-də belə bir referendum keçirmişdi. Doğrudur, bunu qeyri-hökumət təşkilatları keçirmişdi. Amma yenə də referendum idi. O referendum da 25 sentyabr referendumu ilə nəticələrə hesablanmışdı”- deyə, X.İbrahimli vurğulayıb.

X.İbrahimli deyib ki, referendum qətiyyən qanuni sayıla bilməz: “Bu qeyri-qanunilik təkcə İraqın anayasası ilə bağlı deyil. Əsas məsələ referendumun hansı şəraitdə keçirilməsidir və təəssüf ki, dünya mediası bu vacib amili unudur. Qanlı savaşların getdiyi, çoxsaylı hərbi birliklərin yaradıldığı və təpədən dırnağa silahlandığı bir bölgədə insanlar arasında rəy sorğusu aparmaq, plebisit keçirmək gülünc bir işdir. O üzdən bu referendum tanına bilməz”. Onun fikrincə, insanların siyasi iradəsini ifadə etməsi üçün öncə həmin coğrafiyada normal mühit yaradılmalıdır: “Ona görə də bu məslə ilə bağlı məncə başqa dəlil axtarmağa gərək yoxdur”.

İbrahimli əlavə edib ki, Yaxın Şərq ABŞ-ın 2003-cü ildə İraq saldırısı ilə xaosa girdi. “Ərəb baharı” deyilən yeni xaos yaratma siyasəti ilə savaş bütün bölgəyə yayıldı. Bəzən deyirlər ki, “Ərəb baharı” İsrail ABŞ projesi deyil. Bunun bir proje olduğunu isbat etmək üçün də dərin təhlillərə və dəlillərə gərək yoxdur. Sadə bir suala cavab axtarmaq lazımdır: nədən“Ərəb baharı” deyilən dalğa Yaxın Şərq monarxiyalarından yan keçdi? Bəlkə monarxiya xalqlarının demokratiyaya qarşı peyvəndləri var? Amma baxın, bölgədəki cümhuriyyətlər sallandı”- deyə, o, bildirib.

Siyasi icmalçı bildirib ki, bu məlun dalğa Türkiyəni də xaosa soxandan sonra birinci mərəhələsində başa çatdırmalı idi: “Amma dalğa gəldi Türkiyə sərhədlərində dayandı. Əslində Kürdüstanın müstəqilliyinin elanı ikinci mərhələnin, yəni bölgənin yenidən siyasi şəkillənmə mərhələsinin tərkib hissəsidir.

İkinci mərhələyə İsrail və ABŞ başda olmaqla Avropa dövlətləri Türkiyəni xaosa sürükləyə bilmədən başlamalı oldu. Əgər Türkiyə zəiflədilsə idi əmin ola bilərsiniz ki, Ərbilin referendumunu indi bütün Avropa dəstəkləmişdi. Referendumu açıq dəstəkləyən tək dövlət İsraildir”.

Səbəbinə gəldikdə isə siyasi icmalçı deyib ki, Türkiyə prosesdən salamat və zədələnmədən çıxdı, əksinə bir sıra vacib alanlarda daha da möhkəmləndi. “Ərbili referenduma sürükləməklə bölgəni yeni savaş aşamasına sürükləmək istəyir. Bilirsiniz ki, yeni nizam hər zaman xaosdan sonra başlayır. Amma xaos müyyən bir həddə qədər dərinləşməyəndə yeni nizama keçid ya ləngiyir, ya da heç baş tutmur. Bölgədəki xaos dəyişmə üçün yetərli qədər dərinləşdirilə bilmədi. Təkrar edirəm Türkiyə bu sürəcdən kənarda qaldı. Yaxın Şərqin yenidən şəkillənməsi üçün Türkiyədə də Suriya və İraqdakı proseslərin getməsi lazım idi. Getmədi. İndi İsrail Ərbil referendumu ilə bölgədə yeni savaş alanı yaratmaq istəyir. Buna görə referendumu dəstəkləyir”- deyə, X.İbrahimli bildirib.

Ərbilin referendum keçirməsi eyni zamanda, ABŞ Böyük Yaxın Şərq  projesinin tərkib hissəsi olsa da, nədənsə referendumun keçirilməsinə qarşı çıxmasına aydınlıq gətirən X.İbrahimli deyib ki, birincisi, bunu ictimai rəy üçün deyirdi: “ABŞ-ın referendumu açıq dəstəkləməməsinin səbəbi isə bölgədə başı ciddi problemlərə qarışması ilə bağlıdır. Çünki Rusiya onu Yaxın Şərqdən tam sıxışdırıb çıxarmaq istəyir. İndi Ərbil, PYD, YPG-ni qazanmaq üçün ABŞ və Rusiya arasında yarış gedir. Heç biri kürdləri rəncidə etmək istəmir. Eyni zamanda bu zaman hər ikisi Türkiyə, İran və Bağdadın milli mövqelərinə zidd bir mövqedə dayanmalı olurlar. Durumun da mürəkkəbliyi bax bundadır”.

Siyasi icmalçı əlavə edib ki, Yaxın Şərqə sahib olmaq istəyən ABŞ və Rusiyanın bölgədə bütün maraqları toqquşmur. “Məsələ burasındadır ki, üst-üstə düşən maraqlar da var ki, bu da kürd amili ilə bağlıdır. Məncə Rusiya bu mərhələdə İranı dilə tutmağa çalışacaq ki, sən bu kürd məsələsinə loyal yanaş, sonucda İranı Suriya və Ağdənizlə birləşdirən bir dəmir yolu və karbohidrogen resurslarının nəqli kəmərlərini çəkək. Başqa sözlə, Rusiya bölgədə xaos yaradan ABŞ-ın tərsinə sülhyaratmaq və bölgədə oturmaq istəyir. Bu barışın içində ilkin mərhələdə yəqin ki, kürdləri razı salan bir variant düşünür”- deyə, X.İbrahimli bildirib.

Mürtəza Bünyadlı

Gununsesi.info