Rusiya Kurskda Fövqəladə vəziyyət elan edib

  • By ilhame
  • 09 Avqust 2024 22:31

Rusiya avqustun 9-da Kursk vilayətində federal səviyyədə fövqəladə vəziyyət elan edib.

 

Gununsesi.info yerli mətbuata istinadən xəbər verir ki, artıq 4-cü gündür ki, Ukrayna silahlı qüvvələrinin hərbçiləri vilayətə müdaxilə ediblər.

 

Rusiya Müdafiə Nazirliyi bu müdaxiləyə cavab olaraq regiona Qrad zenit-raket qurğuları da daxil əlavə qüvvələr göndərildiyini bildirib.

 

Dövlət mediasının dərc etdiyi videolarda Rusiya hərbi qüvvələrinin Kursk vilayətinə gətirildiyi görünür.

 

Ukrayna hərbçilərinin sərhəd üzərindən həyata keçirdikləri əməliyyat Vladimir Putin Ukraynada tammiqyaslı müharibəyə başlayandan bəri Rusiya torpağına edilmiş ən böyük hücum sayılır.

 

Bu da xəbər verilir ki, əməliyyatda iştirak edən Ukrayna hərbçilərinin sayı da daxil, bir çox məsələlər qaranlıq qalır. Rusiya tərəfi Kurska 1000-dək Ukrayna hərbçisinin və onlarca zirehli hərbi texnikanın daxil olduğunu iddia edir.

 

Rusiya hərbi blogerlərinin yazdığına görə Ukrayna hərbçiləri avqustun 6-da müdaxilə başlanandan bəri Kursk vilayətinin 600 kvadrat kilometrlik sahəsinə və 20-dək yaşayış məntəqəsinə nəzarət edirlər.

 

Ukrayna rəsmiləri Kursk vilayətində keçirilən əməliyyatı şərh etmirlər. Bununla belə prezident Volodimir Zelenski avqustun 8-də, ənənəvi axşam müraciətində deyib ki, Rusiya başladığı müdaxilənin nəticələrini hiss etməlidir:

 

“Rusiya bizim torpağımıza müharibə gətirib və nə etdiyinin nəticələrini hiss etməlidir”.

 

Bu arada Ukrayna hərbçiləri bildiriblər ki, Rusiyanın cənubundakı Lipetsk vilayətində aerodroma zərbə endirilib və aviasiya mərmilərinin anbarına ziyan vurulub.

 

Kiyev hərbiyyəsinin teleqram kanalında bildirilir ki, aerodrom ərazisində böyük yanğın baş verib.

 

Məlumatda deyilir ki, zərbə vaxtı aerodromda Su-34, Su-35 və MiG-31 hərbi təyyarələri olub.

Gununsesi.info