Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 16%-dən 18%-ə qaldırıb

Rusiya Bankı əsas faiz dərəcəsini illik 18%-ə qədər artırmaq qərarına gəlib. Bundan əvvəl əsas dərəcə 2023-cü ilin dekabrından 16% səviyyəsində saxlanılırdı.

Gununsesi.info Rus mediasına istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bank faiz artımını inflyasiyanın azaldılması zərurəti ilə izah edib. “İnflyasiya sürətlənib və Rusiya Bankının aprel proqnozundan xeyli yüksəkdir. Daxili tələbin artımı mal və xidmətlərin təklifini genişləndirmək imkanlarını əhəmiyyətli dərəcədə üstələməkdə davam edir”, – bankın press-relizində deyilir.

Mərkəzi Bank həmçinin əlavə edib ki, inflyasiyanın hədəfə qaytarılması üçün “əvvəllər nəzərdə tutulduğundan əhəmiyyətli dərəcədə daha sərt monetar şərtlər” tələb olunur.

Mərkəzi Bank əlavə edib ki, uçot dərəcəsinin daha da artırılmasının mümkünlüyü qarşıdakı görüşlərdə qiymətləndiriləcək.

Rusiya Bankının Direktorlar Şurasının növbəti iclası 2024-cü il sentyabrın 13-nə təyin edilib.

Bundan əlavə, Mərkəzi Bank 2024-cü il üçün inflyasiya proqnozunu 6,5-7,0%-ə qaldırıb.

Bank cari pul siyasətini nəzərə alaraq illik inflyasiyanın 2025-ci ildə 4,0-4,5%-ə düşəcəyini və “gələcəkdə 4%-ə yaxın qalacağını” gözləyir.

 

 

Afət

Gununsesi.info