Rusiya mehriban qonşuluqdan, ədalətdən danışmağa haqqı olan ən sonuncu dövlətdir

Rusiya Prezidenti Vladmir Putin bugünkü müraciətində Ukraynanı Qərbin əsarətində olan ölkə adlandırıb.

Bir müddət əvvəl də Peskov demişdi ki, Baltikyanı ölkələr müstəqil deyil.

Mənə maraqlı olan budur ki, Kremlqafalıların qafasındakı “müstəqillik” anlayışı ilə bağlı təsəvvürlər nədən ibarətdir?

Məsələn, Rusiyanın gerçəkdə əsarətdə saxladığı Belarus modelimi? Likaşenko az qala tualetə belə Putinin icazəsi olmadan gedə bilmir.

“Axırıncı aşırım” filmində bir yaxşı epizod var – Abbasqulu bəy süfrə başındakılara xitabən deyir ki, hamı namusunu satıb, bircə kişi sizsiniz.

Rusiyanın böyür-başındakı peyk dövlətlərin müstəqilliyi fontan vururmuş.

Bəlkə Şərqi Avropa və Baltik ölkələrinin xalqları kimdənsə icazə alıb özünü lider seçir? Hansısa imperiya başçısının arzusu ilə 10 illərlə bir adama itaət etməyə, yoxsulluq-təhsilsizlik girdabında çabalamağa məhkum qalır?

Hələ Qərb heç Cənubi Qafqaza ayaq basmamışdı, SSRİ-nin tabutuna mismar vurulmamışdı, Rusiyanın Gürcüstanda, Azərbaycanda etdiklərini hamı gördü.

Rusiyanın arzusu olmadan öz inkişaf yolunu və liderlərini seçmək istəyən 3 ölkə oldu, hər 3-ü eyni taleni yaşadı – torpaqlarını itirdi: Gürcüstan, Ukrayna və Azərbaycan.

Rusiya mehriban qonşuluqdan, beynəlxalq hüquqda ədalətdən danışmağa haqqı olan ən sonuncu dövlətdir.

Rövşən Ağayev
Gununsesi.info