Rusiya müharibədən 2 həftə sonra Azərbaycana hansı sənədi imzalatdırmaq istəyirmiş?

44 günlük müharibənin bitməsindən 12 gün sonra – 2020-ci il noyabrın 21-də Rusiya Azərbaycana və Ermənistana “Dağlıq Qarabağ münaqişə zonasında sülhməramlı əməliyyatın icrası üçün mandat” adlı sənədi göndərib. Sənəddə yazılıb:

Qarabağdakı təmas xəttində və Laçın dəhlizi boyunca yerləşdirilən sülhməramlı kontingent bütün nəqliyyat növlərinin təhlükəsiz hərəkətini, beynəlxalq humanitar yardımın maneəsiz çatdırılmasını təmin etməli, atəşkəs rejiminə əməl olunmasını monitorinq etməli, gücdən istifadə olunmaması öhdəliyinin pozulmasına reaksiya göstərməli, onların məsuliyyəti zonasında asayişin pozulmasının qarşısını almalı, Qarabağda normal həyatı təmin etməli, həyati əhəmiyyətli obyektləri qorumalıdırlar.

Bu sənədə əsasən sülhməramlıların aşağıdakı hallarda silahdan istifadə etmək səlahiyyəti var:

Sülhməramlılar onların üzərinə qoyulmuş vəzifələrin icrasına imkan verilmədiyi, onlara silahlı birləşmələr və ya şəxslər tərəfindən zorakılıq tətbiq edildiyi, mülki əhalinin həyat və sağlamlığına təhlükə yarandığı hallarda silahdan istifadə edə bilərlər.

Rusiya və Ermənistan Müdafiə nazirləri bu sənədi imzalasalar da Azərbaycan imza atmaqdan imtina edib. İndi Nikol Paşinyan iddia edir ki, Azərbaycan bu sənədi imzalamasa da hüquqi qüvvəyə malikdir. Bu, tamamilə absurddur.

Elçin

GUNUNSESİ.İNFO