
Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Rusiyanın NATO ölkələrinə qəfil hücum edə biləcəyi barədə xəbərdarlıq edib.
Gununsesi.info xəbər verir ki, litvalı nazir bu barədə ZDF-yə müsahibəsində bildirib.
“Ən böyük problem odur ki, nə qədər vaxtımız qaldığını bilmirik. Ümid edirik ki, Rusiyanı Almaniyadan və ya Litvadan minlərlə kilometr uzaqda, ukraynalılar dayandıra bilər”, – deyə o əlavə edib.
Litva Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Qərb “ikinci Pörl Harboru” gözləməməlidir.
“Biz gözləyə bilmərik ki, hər bir Avropa ölkəsi – cənubda, şimalda, şərqdə və qərbdə Rusiyanın həqiqətən hücumuna məruz qalsın. Çünki Rusiyanın belə bir imkanı var. Bizim bütün təhlükəsizliyimiz bir-birinə bağlıdır – əgər Litva təhlükədədirsə, Avropanın digər hissələri də təhlükədədir. Biz özümüzü birlikdə müdafiə etməliyik,” Landsbergis vurğulayıb.
Bu cür təhdidlərə cavab olaraq o, Qərbin Rusiyanın hücumuna məruz qalan Ukraynaya daha çox hərbi yardım göstərməsinə, xüsusən də Almaniyanın uzaqmənzilli “Taurus” qanadlı raketlərinin tədarükünü tələb edib.
Gununsesi.info