Rusiya ordusu nüvə raketini bu vilayətə yerləşdirdi

Rusiya Müdafiə Nazirliyi nüvə hücumu qabiliyyətinə malik qitələrarası hipersəs “Avanqard” raketinin Orenburq vilayətindəki buraxılış anbarına yerləşdirildiyini bildirib.

Gununsesi.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən yayılan yazılı açıqlamada ölkənin cənubundakı Orenburq bölgəsindəki Yasnenskiy raket meydançasında işlərin davam etdiyi qeyd edilib.

Açıqlamada Avanqard raketinin araşdırmalar çərçivəsində sahədəki atış anbarına yerləşdirildiyi və bu addımın Rusiyanın strateji nüvə qüvvələrinin döyüş imkanlarını artıracağı bildirilib.

Nüvə hücum qabiliyyətinə malik olan “Avanqard” qitələrarası raketinin düşmən ölkə müdafiə sistemləri tərəfindən aşkarlana bilmədiyi və hava hücumundan müdafiə sistemlərini də asanlıqla aradan qaldıracağı iddia edilir.

Bildirilir ki, hipersəs başlıqlı raket səs sürətindən 20 qat daha sürətli çata bilir, üstün manevr qabiliyyətinə malikdir və 9 kilometr yüksəklikdə uça bilir.

Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə “Avanqard”ı bəzi yeni strateji silahlar kimi “məğlubedilməz” adlandırmışdı.

Gununsesi.info