
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin rəisi və Baş Qərargah rəisinin müavini general-leytenant Vadim Şamarin saxlanılıb.
Gununsesi.info rus mediasına istinadən xəbər verir ki, o, dələduzluqda ittiham olunur.
Bildirilir ki, general axtarışa veriləndən sonra Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə aparılıb.
İşə 235-ci qarnizon hərbi məhkəməsində baxılır. Onun internet saytında iş materialı dərc edilib. Lakin orada həbs olunan şəxsin təfərrüatları gizlədilib.
Xatırlada ki, Şamarin 2021-ci ildən bu vəzifəni icra edir. 1992-ci ildən rabitə strukturlarında xidmət edib, radio mərkəzində uzaqdan idarəetmə tağımının komandirindən Uzaq Şərq Hərbi Dairəsinin rabitə briqadasında rabitə mərkəzinin rəisi vəzifəsinə qədər yüksəlib. II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
2020-ci ildə Baş Qərargah rəisinin keçmiş müavini Xəlil Arslanov silahlı qüvvələrə texnikanın verilməsində dələduzluq və korrupsiya faktı ilə bağlı həbs edilib. General rüşvət almaqda və ümumi məbləği təxminən 6,7 milyard rubl olan iki xüsusi miqyaslı dələduzluqda ittiham olunurdu.
Bundan əvvəl müdafiə nazirinin müavini Timur İvanov və Müdafiə Nazirliyinin baş kadrlar idarəsinin rəisi general-leytenant Yuri Kuznetsov saxlanılaraq həbs ediliblər. Onlar xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunurdu.
Şəbnəm
Gununsesi.info