Rusiya ordusunun Ukraynaya hücumu zəifləyib - Baş Qərargah

  • By admin
  • 28 Fevral 2022 11:05

Rusiya qoşunları hücumun sürətini aşağı salıb və Ukraynada həm texnika, həm də canlı qüvvə itkiləri verməkdə davam edir.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının bu gün səhər saat 06:00-a olan operativ məlumatında deyilir.

“Rusiya işğalçıları hücumun sürətini azaldıblar, lakin onlar hələ də Ukraynaya qarşı hücum əməliyyatında müəyyən sahələrdə uğurlarını artırmağa çalışırlar”, – məlumatda deyilir.

Belə ki, hava hücumu əməliyyatı zamanı düşmən hərbi və mülki aerodromlara, komanda idarəetmə məntəqələrinə (qüvvələrinə), hava hücumundan müdafiə sisteminin obyektlərinə, mühüm infrastruktur obyektlərinə, müdafiə zonalarında yerləşən yaşayış məntəqələrinə və bölmələrə atəşə açmaqda davam edib.

“Beynəlxalq humanitar hüquq normalarını pozaraq, işğalçılar xaincəsinə Jitomir və Çerniqov şəhərlərində yaşayış binalarına raket hücumu həyata keçiriblər”, – məlumatda deyilir.

Eyni zamanda bildirilir ki, rus işğalçılarının hərbi əməliyyat məqsədinə çatmaq üçün bütün cəhdləri iflasa uğrayıb.

“Düşmən ruhdan düşüb və böyük itkilər verir. Tez-tez fərarilik və itaətsizlik halları olur. Düşmən anladı ki, təbliğat və reallıq fərqlidir. İşğalçılar bizdən qorxurlar”, – Baş Qərargah bildirib.

Qeyd olunur ki, Ukrayna qüvvələri sabit müdafiəni davam etdirirlər.

Gununsesi.info