“Rusiya öz qazını satmasa, camaatı acından ölər” - Vahid Əhmədov

  • By admin
  • 05 Aprel 2022 09:14

Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putin dost olmayan ölkələrlə qaz ticarəti qaydaları haqqında fərmanı imzalayıb. Rusiya dost olmayan ölkələrlə qaz ticarətində ödənişlərin dollar və avro ilə aparılmasından imtina edərək rubla keçib.

Görəsən bundan sonra Rusiyadan qaz alan ölkələr hansı addımı atacaq? Rusiya qazından imtina edəcəklər, yoxsa şərtləri qəbul etməyə məcbur olacaqlar?

Mövzu ilə bağlı Redaktor.aza danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədovun fikrincə, Rusiya qazının rublla satışı çətin prosesdir:

“Yəni qazın ödənişini rublla etmək, dolları rubla çevirmək, bunlar mümkün olası deyil. Rusiya müəyyən təzyiq metodundan istifadə etmək istəyir ki, sanksiyalar götürülsün. Amma Ukraynanın ərazi bütövlüyü təmin olunana qədər sanksiyalar da götürülən deyil. Qazla bağlı indi alternativ alqı-satqı variantları axtarırlar. Neftlə bağlı problemləri yoxdur. Avropa dövlətlərinin nefti kifayət qədərdir, digər dövlətlərdən də təmin edə bilərlər. Yəqin ki, müəyyən yollar tapacaqlar. Amma Rusiyanın satdığı da neft və qazdır. Onu satmasa nə olacaq? Onda camaatı acından ölər”.

Avropa ölkələrinin Rusiya qazından imtina edəcəyinə gəlincə, deputat bildirdi ki, artıq bəzi ölkələr belə bir addım atıb.

“Bəziləri də alternativ variantlar axtarırlar. Demirəm bir-iki aya, amma yaxın vaxtlarda, bir il ərzində, ilin axırına qədər yəqin ki, alternativ variantlar tapılacaq”, – deyə Vahid Əhmədov bildirdi.

Gununsesi.info