Rusiya Polad Həşimovun şəhid olduğu yerin yaxınlığında hərbi baza tikir? – FOTOFAKT

Azərbaycanın Tovuz rayonunun sərhədində yerləşən Tavuş vilayətinin Berd rayonunun Aygepar kəndi yaxınlığında, keçmiş hava limanının ərazisində bir aydan çoxdur ki, Rusiya hərbi bazasının aktiv tikintisi aparılır. Bura Sovet dövründə Yak-40 təyyarələri üçün uçuş-enmə zolağı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azadlıq” radiostansiyasının erməni xidməti kənd sakinlərinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Aygepar kəndi Azərbaycanın Əlibəyli kəndindən bir kilometr aralıda yerləşir. Bura 44 günlük müharibədən əvvəl aktiv toqquşmalar zonası olub. Məhz dövlət sərhədinin bu hissəsində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı tarixə “iyul döyüşləri” kimi düşən təxribatlar həyata keçirilib.
Bu döyüşlərdə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov və digər hərbçilərimiz şəhid olub.

Berddə rus hərbçiləri üçün nə tikilir? Yerli sakinlərin dediyinə görə, tikintiyə rəhbərlik edənlər arasında ruslar da var. Tikinti hansı müddətdən sonra başa çatacaq? Hərbçilərin sayı nə qədər olacaq?  Söhbət hansı missiyadan gedir?

Ermənistan Müdafiə Nazirliyi “Azadlıq” radiostansiyasının erməni xidmətinin bütün bu suallarına cavab verməyib.

Berd icmasının sədr müavini Samvel Ovsepyanın sözlərinə görə, hava limanının ərazisi icmaya aid deyil, onların işi yalnız itikintiyə icazə verməkdən ibarət olub.

“Yəqin ki, ərazi Nəqliyyat və Rabitə Nazirliyininin balansındadır, çünki qədim zamanlardan bura aeroportun ərazisi olub, icma mülkiyyəti hesab edilmir”, – deyə Ovsepyan bildirib.
Yerli sakinlər bu bölgədə Rusiya hərbi bazasının yaradılması ilə bağlı şayiələrə sevindiklərini deyiblər. 

Aygepar sakini Vaçe Kalantaryan Azərbaycanla hərbi qarşıdurma illərini xatırlayıb: “Biz hərbi bazanın yaradılmasına böyük ümid bəsləyirik”.

Xatırladaq ki, 2006-cı ildə “Aygepar və Əlibəyli – düşmən olmuş mehriban qonşular” filmi çəkilib. İngilis dilində çəkilən bu film yalnız həmin kənd sakinlərinin hekayələri əsasında ərsəyə gəlib. İrəvanda “Qızıl ərik” müsabiqəsi çərçivəsində nümayiş olunub.  /Bizim.Media/

Gununsesi.info