“ATƏT Minsk Qrupu yaranışından yanlış yaranan təşkilat olduğundan yanlış da fəaliyyət göstərir. Bu təşkilat kənarda dursun, biz öz problemimizi həll edərik”.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili, professor Fəzail İbrahimli Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Moskva görüşlərinin uğurla nəticələnməsməsi ilə bağlı mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, ATƏT MQ üzərinə götürdüyü missiyanı yerinə yetirə bilmədiyindən istefaya getməlidir: “Çünki bu təşkilatın Ermənistan-Azərbaycan münaqişəsini nə həll etmək gücündə, nə də ki marağında deyil. Onların gücü tükənib. ATƏT MQ dedikdə Rusiya, ABŞ və Fransa başa düşülür ki, hər üç ölkənin də Qafqazda öz marağı var. Ona görə də belə bir quruma ehtiyac yoxdur”.
Millət vəkili əlavə edib ki, burada digər əsas məqam isə ATƏT MQ-də yer alan üç ölkədən ikisi arasında- ABŞ-la Rusiya arasında münasibətlərin gərgin olması münaqişənin həllinə mane olur. “ABŞ-la Rusiya arasındakı münasibətlərin indiki mərhələsində Qarabağ münaqiəsinin həlli qeyri-mümükün görünür.
Rusiya gəldikdə isə demək olar ki, Qafqazı öz təsir dairəsində və əlində saxlamaq üçün Qarabağ onunnəlində bir alətdir və bundan imtina edəcəyinə inanmaq sadəlöhvlük olardı. Rusiya Qarabağ vasitəsi ilə bölgədə hegemonluğunu qoruyub saxlayır. Problemi özünəuyğun şəkildə həll etmək istəyir ki, bu da, Azərbaycanın maraqlarına ziddir”- deyə, millət vəkili vurğulayıb.
F.İbrahimli əlavə edib ki, bütün bu maneələrə baxmayaraq Azərbaycan öz problemini sürətlə həll etməkdədir: “Buna ATƏT MQ-non həmsədr ölkələri də görür və bu prosesdən öz ölkələrinin maraqları üçün yararlanmağa çalışırlar. Ya hər vasitə ilə mane olub prosesin uzanmasına, ya da Azərbaycandan nəsə qoparmağa çalışırlar. Bu da məqsədlə edilir. Onlar prosesi uzatmaqla Azərbaycanın münaqişənin həllində güzəştə getməyə vadar edirlər. Yəni, yeni nəsil yetişdikcə Qarabağı unutdurmaqla problemi öz maraqlarına uyğun həll etmək istəyirlər. Lakin bütün bunlara baxmayaraq Azərbaycan zaman və məkan daxilində problemi həll etməyə çalışır və işini də bu istiqamətdə qurub”.
Odur ki, millət vəkili ATƏT MQ həmsədrləri ilə keçirilən görüşlərdən heç nə gözləmir: “Axı, bu gün ABŞ-la Rrusiya Ermənistan-Azərbaycan münaqişəsini necə həll edə bilər ki, bu iki ölkə arasında gərgin anlar yaşanır. Bu iki ölkə arasında yaşanan münasibətlərə görə dünya iqtisadiyyatı böhran vəziyyətindədir. Öz problemlərini həll edə bilməyən bu ölkələr Ermənistan-Azərbaycan münaqişəsini necə həll edə bilər?! Bu mümkün deyil!Ona görə də bir daha təkrar edirəm ki, ATƏT MQ artıq öz missiyasından kənarda qalıb. Sadəcə səfr xatirinə səfər edirlər. Dünya ictimaiyyətinin gözünə kül üfürmək üçün bu səfərlər həyata keçirilir ki, guya danışıqlar prosesi davam edir”.
Millət vəkili hesab edir ki, ATƏT MQ yaranışından yanlışdır. “Axı, belə bir qurumun yaradılmasına ehtiyac yox idi.”BMT və BMT Təhlükəsizlik Şurası olan yerdə belə bir qurumun yaradılması səhv addım iddi. ATƏT MQ yaranışından səhv olduğundan fəaliyyəti də yanlışdır. Yanlış hərəkətlərlə məşğuldur. Bu təşkilat kənarda dursa yaxşıdır. Biz özümüz, öz problemimizi həll edə bilərik. Sadəcə kənar qüvvələr məsələyə qarışmasın”- deyə, o, vurğulayıb.
Millət vəkilinin fikrincə, Azərbaycan öz gücünə və ordusuna arxalanaraq problemi həll etməlidir: “Biz növbəti bir həmlə ilə torpağımız azad etməliyik. Bunun üçün imkanlar mövcuddur və xalq da bu məsələdə həmrəydir. Sadəcə Ali Baş Komandanın əmri lazımdır”.
Mürtəza
Gununsesi.info