Rusiya sanksiyalardan sarsılmaq əvəzinə güclənib? - "NATO" GENERALINDAN ACI ETİRAF

  • By admin
  • 20 Sentyabr 2019 23:01

Gununsesi.org xəbər verir ki, NATO generalı Cozef Danford çərşənbə axşamı keçirilən NATO hərbi komitəsinin iclasından sonra diqqətçəkən açıqlamalar verib. O, NATO-nun Rusiya üzərində üstünlüyünü itirdiyini bildirib. General dirçəlməkdə olan Rusiyaya qarşı dura bilmək üçün qurumun öz strategiyasına yenidən baxmasını vacib sayıb. Onun fikirləri geniş müzakirələr doğurub.

5 ildən artıqdır sanksiyalara məruz qalan Rusiyanın qarşısında NATO-nun aciz duruma düşməsi ciddi müzakirə olunur. Bunun regiona və dünyaya təsirlərinin ola biləcəyi vurğulanır.

HTML tutorial

Politoloq Elçin Mirzəbəyli bildirdi ki, Cozef Danfordun NATO-nun Rusiya üzərində üstünlüyünü itirməsi ilə bağlı fikirlərinin əsasları var və bu daha çox Birləşmiş Ştatların mövqeyini ifadə edir: “Bu reallığın ortaya çıxarılmasında ən böyük rolu da ABŞ oynayıb. Birləşmiş Ştatlar İraq kampaniyasından başlayaraq, beynəlxalq hüququn bütün prinsiplərini dəyərdən saldı və qlobal təhlükəsizliyə təhdid yaradan çağırışlara qarşı hüquqi müstəvidə önləyici tədbirlərin həyata keçirilməsi mexanizmlərini sarsıtdı. Yaxın Şərqdə, Aralıq dənizi hövzəsində ABŞ və müttəfiqlərinin iştirakı və təhriki ilə baş verən hadisələr isə regional güc mərkəzlərini öz təhlükəsizliklərini təmin etmək üçün hərəkətə gəlməyə, alternativlər axtarmağa məcbur etdi. Amerikanın qlobal sülhə, təhlükəsizliyə təhdid yaradan əsas amillər çərçivəsində deyil, sırf geosiyasi və geoiqtisadi maraqlar müstəvisində tətbiq etdiyi sanksiyalar isə bu mexanizmin də təsir gücünün azalmasına səbəb oldu.

Politoloq Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Yəni sanksiyalar artıq beynəlxalq hüququn təzyiq aləti kimi effektiv təsir gücünə malik deyil və göründüyü kimi, Rusiya kimi dövlətlər sanksiya hədələrindən ciddi narahatlıq keçirmir və vəd olunduğu kimi sarsılmırlar. Burada xalqların psixologiyası, dövlətçilik ənənələri də mühüm rol oynayır, şübhəsiz. Qeyd etdiyim bütün bu məsələlər nəticədə ABŞ-ın hegemon güc kimi statusuna ciddi zərbə vurdu. Digər tərəfdən, soyuq müharibə zamanında və daha sonra NATO üzrə müttəfiqlərinin təhlükəsizliyini təmin edən ABŞ-ın hərbi xərcləri bəhanə gətirərək öz ənənəvi missiyasından geri çəkilmək cəhdləri də Alyansın mövqelərinə ciddi zərbə vurdu. Vaşinqton bu manevrlərlə NATO üzrə müttəfiqlərini alyansa daha çox vəsait ödəməyə sövq etmək, yəni “pulunu ver, təhlükəsizliyini təmin edim” strategiyasını həyata keçirmək istəyirdi. Amma proses əks-effekt verdi. Bəzi NATO üzvü olan ölkələr, Rusiyanı özlərinə təhdid kimi görmədiklərini, hətta qarşılıqlı faydalı əməkdaşlığın mümkünlüyü də bəyan edərək bu istiqamətdə konkret addımlar atdılar. Rusiyanın güclənməsinə və qlobal güc iddialarının artmasına zəmin yaradan amillərdən biri də ABŞ-ın postsovet ölkələrinin təhlükəsizliyinə və müstəqilliklərinin möhkəmləndirilməsinə heç bir ciddi töhfə verməməsi oldu. Vaşinqton yeni müstəqilliklərini qazanmış ölkələrin potensialından istifadə etməklə, heç bir resurs və güc sərf etmədən Rusiyanın təsir imkanlarını azaltmağa çalışdı. Nəticədə isə qeyri-bərabər bir şəraitdə Moskvanın təsir imkanları azalmadı, əksinə daha da artdı və bəzən Rusiyanın daha ədalətli alternativ güc mərkəzi, bəzən isə cəzalandırmaq potensialına malik qütbə çevrilməsinə zəmin yaratdı.

Rusiyanın hərbi-sənaye kompleksinin son illər ərzində inkişaf etməsi kimsəyə sirr deyil. Şimal qonşumuz, xüsusilə də, son 10 il ərzində zenit-raket kompleksləri və hava hücumundan müdafiə sistemləri baxımından bir sıra uğurlu layihələrə imza atıb. Rusiya silah-sursat və hərbi texnika baxımından hazırda dünyada ABŞ-dan sonra 2-ci yerdədir. Amma bu sahədə son 2 il ərzində bəzi dəyişikliklər baş verib və Rusiyanın payı 21%-dən 17%-ə enib. Rusiya 2018-ci ildə silah satışından 13,7 milyard dollar əldə edib. Bu rekord göstərici sayılır. ABŞ tərəfi isə rəqəmin real olmadığını, Vaşinqtonun Rusiyanın 3 milyardlıq silah satışına mane olduğunu deyir. Hər halda ortaq bir nöqtə tapıb Rusiyanın 2018-ci ildə silah və hərbi texnika satışından 12 milyard dollar əldə etdiyini düşünək. Nəzərə almaq lazımdır ki, Rusiya 2018-ci ildə neft ixracından 129 milyard, təbii qaz satışından isə 50 milyard dollara yaxın gəlir əldə edib. Bütövlükdə Rusiyanın 2018-ci ildə bütün istiqamətlər üzrə ixracı 452,1 milyard dollar təşkil edib ki, göründüyü kimi silah, hərbi texnika satışından əldə olunan gəlir bu rəqəmin yanında bir o qədər də nəzərə çarpmır. Yəni problem Rusiyanın silah-sursat, hərbi texnika satışından əldə etdiyi gəlirlərdə də deyil. Başqa bir amil isə hərbi texnikanın üstünlüyü ilə bağlıdır. Bəlli olduğu kimi, ABŞ “Patriot”ları Səudiyyə Ərəbistanının heç husilərin dron hücumundan qoruya bilmədi. Rusiyanın zenit-raket kompleksləri isə Suriyada uğurla sınaqdan çıxarılıb və özünü doğruldub. Bu reallığa daha yaxın mənzərədi və düşünürəm ki, təbliğat xarakterli bəyanatları deyil göz ömündə olan mənzərəni qiymətləndirmək lazımdı. ABŞ generalının fikirlərində müəyyən qədər mübaliğə də var ki, bu da alyans üzrə müttəfiqlərin Rusiya təhlükəsi qarşısında ABŞ-ın hərbi sənaye kompleksinə və NATO-nun büdcəsinə daha çox vəsait ödəmələrini stimullaşdırmağa xidmət edir. Bu, Tramp adminstrasiyasının ənənəvi üslubudur. Dünya isə ənənəvi obrazından çıxır. Qlobal təhlükəsizliyə təminat verən mexanizmlər ciddi şəkildə zədələndiyi üçün ayrı-ayrı güc mərkəzləri daha çox regional əməkdaşlığa üstünlük verirlər. Dünya artıq birqütblü deyil və bu prosesin qarşısının alınması da real görünmür”.

Siyasi şərhçi Əhəd Məmmədli generalın dediklərini bu cür şərh etdi: “Ən azından NATO generalı narahatdır. Narahatlığın da obyektiv səbəbləri var. Rusiya S-400 raket kompleksləri ilə dünya silah ticarətinə səs saldı. Adətən amerikan silahı rus silahını üstələyib. Ərəb-İsrail müharibələri bunun bariz sübutudur, amma bu dəfə rus S-400-ləri və SU-ları Amerikanın F-35-ləri və patriotlarını üstələyir. Həm də rus silahları qiymət baxımından qat-qat ucuz və sərfəlidir. Bütün bunlar da amerikalıları narahat edə bilməz. Ona görə NATO generalının narahatçılığı anlaşılandır. O haqlıdır, Rusiya Putinin dövründə dirçəldi. Kimin xoşuna gəlsə də, gəlməsə də, bu belədir. Əslində SSRİ dağılandan sonra NATO Rusiyanı da özünə qatıb, Çinə doğru getməli idi. Bunun yerinə isə Çin Rusiyanı yanına alıb, Qərbə qarşı bir alyans qurur.

Siyasi şərhçi Əhəd Məmmədli ile ilgili görsel sonucu

Şanxay razılaşmasını bunun nümunəsi kimi göstərə bilərik. Əslində Amerikanın əsas rəqibi Çindir. Tramp da bunu dilə gətirib. Çin Amerikadan daha ağıllı tərpənərək Rusiyanı yanına aldı. Bəli, Çin Rusiyanın deyil, Rusiya Çinin yanındadır. Bunun belə olması Amerikanın xarici siyasətdə səhvi idi. Rusiya Çin və Amerika arasında böyük bufer zonasıdır və bu bufer zonanı Çin Amerikaya qarşı istifadə edir. Çin bununla həm Rusiyanı zəiflədir, həm Amerikanın başını qatır. Birmənalı şəkildə ABŞ-Rusiya qarşıdurmasında Çin güclənir, ABŞ yıpranır, Rusiya isə ucu-bucağı bilinməyən mərkəzi və şərq ərazilərini Çinə həvalə etməkdə davam edir. Sibirdə, Uralda minlərlə kilometrlərlə hektar torpaq Çinə icarəyə verilir. Krımı almaqla deyil, Çin sürətlə Rusiyanın daxilinə girməkdədir. Moskvada ağıllı, duyuq başlar bunu görür, lakin Putinə açıq etiraz cəsarətində çoxları bulunmur. Putin elə bilir ki, Amerikaya qarşı Çini öz ağuşuna alır, əslində isə, get-gedə Rusiya Çinin maraq dairəsinin obyektinə çevrilir. Rusiya sanksiyalar altında inildəmir. Bəli, Rusiyaya sanksiyalar altında yaşamaq asan deyil, lakin bu inildəmək deyil. Türk dövləti Qızıl Ordanın qırıntıları üstündə qurulan rus dövləti qurulandan inkişafda həmişə Qərbə uduzub, amma silah baxımından daim güclü olub. Rusların bir deyimi var: Rusiyanın iki müttəfiqi var, ordu və donanma. Rusiyanın ordu və donanması həmişə güclü olub. Ən çətin dönəmlərində silahdan bol olublar. Rusların ən yaxşı bacardığı iş “Vodka” içmək və silah istehsal etməkdir. Göründüyü kimi, sanksiyaların Rusiyanın dünyaya silah ixracına maneəsi yoxdur. Bütün bunlar Rusiyanın hərbi cəhətdən NATO-dan güclü olduğu anlamına gəlmir. Sadəcə bu gercəkdir ki, Putin Rusiyanı kifayət qədər dirçəltdi və bu ölkə əski ambisiyalarına qayıtdı. NATO-nu da narahat edən məhz budur. Amerikalılar sevmirlər ki, onlardan başqa kimlərsə ambisiyalarını ortaya qoysun. Ona görə də amerikalılar deyirlər ki, Avropadakı müttəfiqlərindən tutmuş, Çində daxil olmaqla heç kəs ambisiya ortaya qoymasın. Ambisiya ilə güc özünü paralel ehtiva edən cəhətlərdir. İstənilən halda yenə də NATO dünyanın ən güclü siyasi-hərbi blokudur. Rusiyanın bu üstünlüyü yerləşdiyimiz regiona güc dilli ilə danışmağa imkan verir və bu da təbii ki, regiona mənfi təsir edir. Elə olmasaydı, Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan separatçılıq, ekstremizmdən əziyyət çəkməzdi. NATO Putini gerçəkdən dayandırmaq istəyirsə, Reyqan, Tetçerin dövründə olduğu kimi siyasi-iqtisadi-hərbi cəbhələrdə Kremlin üstünə getməlidirlər. NATO Rusiyanın qarşısını ancaq güc dili ilə danışaraq ala bilər. Çünki “rus ayısı” güc dilindən başqa heç vaxt başqa dildə anlamayıb, anlamayacaq da”.

 

 

Gununsesi.org