Rusiya şirkətləri də BTQ-yə maraq göstərir

  • By admin
  • 09 Fevral 2018 13:58

Rusiya şirkətləri Bakı-Tiflis-Qars (BTQ) dəmiryol xəttinə daha çox maraq göstərir.

Gununsesi.info xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

C.Qurbanov ötən həftə Moskvada olduğunu və Rusiyanın metallurgiya şirkətləri ilə danışıqlar apardığını bildirib.

“Danışıqlar nəticəsində bəlli oldu ki, Rusiyanın metallurgiya şirkətləri Bakı-Tiflis-Qars dəmiryol xəttinə böyük maraq göstərirlər. Onlar hər ay Türkiyəyə təqribən 70 min ton dəmir məmulatları yollayırlar və onlar bu saat BTQ-dən daha çox istifadə etmək istəyirlər. Ümumiyyətlə, Rusiya şirkətlərinin Bakı-Tiflis-Qars dəmiryoluna böyük marağının olduğunun şahidi oldum. Onlar bu yolla Türkiyəyə dəmir, taxta məmulatları və digər məhsullar, avadanlıqlar göndərməkdə, əks istiqamətdə isə qida məhsullarının daşınmasında maraqlıdırlar”- deyə, C.Qurbanov qeyd edib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri onu da əlavə etdi ki, BTQ-yə digər ölkələr də böyük maraq göstərir: “Türkiyə ilə Çin arasında konteyner dövriyyəsi 500 min civarındadır. Bundan əlavə, Çin, Orta Asiya ölkələri bu yola böyük önəm verirlər. Onlar bu yolla Türkiyə və Avropa ölkələrinə öz yüklərini göndərməkdə maraqlıdırlar”.

C.Qurbanov deyib ki, indiyədək BTQ-dən 500 konteyner keçib.

Mürtəza

Gununsesi.info