Rusiya rəsmiləri və diplomatları hər dəfə “Rusiya hərbi kontingenti 2025-ci ildən sonra da bölgədə qala bilər” dedikcə Azərbaycan rəsmiləri və diplomatları “2020-ci il 10 noyabr bəyanatına görə Rusiyanın sülhməramlı kontingentinin Azərbaycan Respublikasında qalma müddəti 2025-ci ildə yekunlaşır” cavabını verirlər.
Gununsesi.info xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, bununla iki ölkə rəsmiləri və diplomatları arasında qiyabi polemika gedir, Rusiya “qalmaq istəyirik” dedikcə, Azərbaycan “qalmaq müddətiniz gələn il bitir” cavabını verir.
“Moskvadan bir ara açıqlama gəldi ki, guya Rusiya hərbi kontingenti ərazidə minaların zərərsizləşdirilməsi ilə məşğul olacaq. Ancaq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənın dünənki açıqlamasından bəlli olur ki, Rusiya hərbi kontingenti minaların zərərsizləşdirilməsinə maraq göstərmir, əks halda, azərbaycanlı diplomat “ərazidə partlamamış hərbi sursat problemi nəzərə alınaraq, bu təhdidlərin aradan qaldırılması istiqamətində birgə səylərin həyata keçirilməsi üzrə məsləhətləşmələr aparılması zərurəti mövcuddur” cümləsini işlətməzdi. Deməli, minaların zərərsizləşdirilməsiylə bağlı ortaq fəaliyyət yoxdur. Lap yaxşı, bu bizim bir il sonra Qarabağda işsiz-gücsüz qalan Rusiya hərbi kontingentini evinə yol salmağımızı asanlaşdıracaq”, – politoloq bildirib.
Gununsesi.info