“Rusiya sülhməramlılarının bölgədə yerləşməsi bizə daha uyğundur” – Deputat

  • By admin
  • 18 Dekabr 2020 15:05

“Rusiyalı  hərbi kontingentin bölgəyə gəlməsi həm əsgərlərimizin həyatını xilas etməyə imkan verir, həm də torpaqlarımızdan qovulmuş insanlarımızın rahat şəkildə qayıtmasına və yaşamasına şərait yaradır. İmkan verə bilməzdik ki, Skandinaviyadan, İsveçdən sülhməramlılar gəlsin. Çünki Rusiya sülhməramlılarının bölgədə yerləşməsi bizə daha uyğundur”.

Gununsesi.org xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Azərbaycandakı Rus icmasının sədri Mixail Zabelin Modern.az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin və Rusiya Federasiyasının rəsmi mövqeyi Qarabağın Azərbaycan ərazisi olmasından ibarətdir. Ona görə də rusiyalı sülhməramlıların Qarabağda yerləşməsi məqsədəuyğundur.

Zabelin sülhməramlıların bölgəyə ağır texnika yerləşdirməsi ilə bağlı məlumatları inandırıcı saymadığını vurğulayıb: “KİV-də çıxan hər məlumata inanmaq olmur. Bunları dəqiqləşdirmək lazımdır. İstənilən halda sülhməramlıların bölgəyə gətirdiyi texnika sülhməramlıların Türkiyə və Rusiyanın birgə monitorinq mərkəzi tərəfindən izləniləcək. Həmçinin, Azərbaycan rəhbərliyi də bu barədə məlumatlıdır. Ona görə də Azərbaycanın icazəsi olmadan Qarabağa hər hansı ağır texnikanın yerləşdirilməsi mümkün deyil”.

Deputatın sözlərinə görə, qardaş Türkiyə hər zaman Azərbaycanın yanındadır və Türkiyənin bölgədəki kontingenti də üçtərəfli razılaşmanın icrasına nəzarət edəcək və Azərbaycana qarşı hər hansı təxribatın qarşısını almağa dəstək olacaq: “Düşünürəm ki, rusiyalı sülhməramlıların bölgəyə yerləşdirilməsi müəyyən müddət üçün önəmlidir. Vəziyyətin stabilləşməsinə xidmət edəcək. Ona görə də Prezidentin bu sahədə gördüyü işlər, üçtərəfli razılaşmadakı addımlar doğru qərarlardır”.

Gununsesi.org