
G7 ölkələri yanvarın 1-dən Rusiyadan almaz idxalına qadağa qoymağı planlaşdırır.
Gununsesi.info xəbər verir ki, beynəlxalq mətbuatda yer alan məlumatlara görə, G7 ölkələrinin Rusiyadan almaz idxalına qadağa qoyma qərarını 3 həftə ərzində açıqlaması gözlənilir.
Dünya almaz ticarətində birinci yerdə olan Belçikanın təklif etdiyi qadağa planı çərçivəsində qlobal almaz bazarı dəyişəcək.
Bu çərçivədə xam və cilalanmış almazları sertifikatlaşdırmaq və Rusiya almazlarını izləmək üçün ortaq bir sistem tətbiq olunacaq.
G7 ölkələri ilə almaz ticarətində giriş məntəqələri və gömrük nəzarəti mərkəzləşdiriləcək.
Bu bazara yalnız sertifikatlı və Rusiyadan kənardan gələn brilyantlar çıxış əldə edəcək. Beləliklə, Rusiyanın almazdan əldə etdiyi gəlir azalacaq.
Qeyd edək ki, Rusiya dünyanın ən böyük xam almaz istehsalçısıdır. Rusiyanın almaz ixracından hər il 4 milyard dollar gəlir əldə etdiyi təxmin edilir.
Dünyadakı xam almazların 80 faizindən çoxu Belçikanın Antverpen şəhərində satılır.
Almazların 90 faizi Hindistanda emal olunur.
Səid Əhmədli
Gununsesi.info