Rusiyanın 2022-ci il fevralın 24-də “xüsusi əməliyyat” adı altında Ukraynaya qarşı başlatdığı müharibədə bugünkü məqamda nə Moskvanın məqsədləri, nə də Kiyevin ərazi bütövlüyünü təmin etmək istəyi dəyişməyib.
Gununsesi.info xəbər verir ki, tərəflərdən heç biri itkiləri ilə bağlı dəqiq açıqlama verməsə də, BMT 10 mindən çox mülki şəxsin həyatını itirdiyini bildirir. Digər tərəfdən, Avropa İttifaqı (Aİ) 200-ə yaxın şəxs və təşkilatı yeni sanksiyalar siyahısına əlavə edib. ABŞ həmçinin Rusiyaya qarşı 500-dən çox yeni sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.
Rusiyanın Qərbin və NATO-nun sərhədlərinə yaxınlaşıb rusca danışanları qoruyacağı əsası ilə Ukraynada başladığı müharibənin ikinci ili başa çatıb.
Rusiya prezidenti Vladimir Putinin 2 il əvvəl elan etdiyi “xüsusi əməliyyat”ın başlaması ilə fevralın 24-ü səhər saatlarında Rusiya ordusu Ukrayna ərazisinə daxil olub. Ukraynanın Donetsk və Luqansk vilayətlərindən Kiyev administrasiyasının nəzarətində olan ərazilərə daxil olan Rusiya hərbi birləşmələri Rusiya sərhədindən və Belarusdan eyni vaxtda Xarkov, Sumı və Çerniqovdan keçərək Çernobıl bölgəsinə daxil olub. Krım üzərindən Xerson və Melitopol bölgələrinə qoşun yeridən rus ordusu havadan və qurudan qoşun göndərdiyi Kiyevi mühasirəyə alıb.
Rus ordusu Kiyev ətrafında gözləyərkən, iki tərəf İstanbulda danışıqlar masasına oturub. 2022-ci il martın 29-da İstanbulda aparılan danışıqlar nəticəsində, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçilik təşəbbüsləri nəticəsində Ukrayna tərəfi gələcək mümkün yazılı razılaşmanın prinsiplərini Rusiya tərəfinə çatdırdı və razılaşma çox yaxın idi. Bir neçə gün sonra Kiyev administrasiyası Rusiya silahlı qüvvələri tərəfindən boşaldılan Buça və İrpin şəhərlərində kütləvi məzarlıqlar açıb və Rusiyanı qətliam törətməkdə ittiham edib. Ukrayna İstanbulda danışıqlardan çəkildiyini açıqlayıb.
İstanbulda keçirilən danışıqlarda iki tərəfin ilkin şərtlərdə razılaşdığı iddia edilsə də, Ukrayna nümayəndə heyətinin Kiyevə qayıtdıqdan sonra razılaşmadan niyə imtina etməsinin səbəbi aylar sonra məlum olub. Bəzi ukraynalı rəsmilər bildiriblər ki, o zaman Böyük Britaniyanın baş naziri Boris Conson Kiyev administrasiyasına təzyiq edib və razılaşmanı pozub. Putin də bunu dilə gətirib.
Rusiya ordusu Kiyevdən geri çəkildikdən sonra Donetsk, Luqansk, Zaporojya və Xerson xəttlərində istehkamlarını gücləndirib. Beləliklə, Rusiya Kiyevin Azov dənizi ilə əlaqəsini kəsdi, həmçinin 2014-cü ildə qeyri-qanuni ilhaq etdiyi Krımla quru əlaqə qurub. Rusiya Odessa və Nikolayev vilayətlərinin liman şəhərlərini də hədəfə alıb və Qara dənizdə strateji mövqedə yerləşən İlan adasını ələ keçirib. Həmin il iyunun sonunda Rusiya adadan çəkildiyini elan edib. Ukraynanın şimalındakı Sumi və ətrafı iyun ayında yenidən Kiyev administrasiyasının nəzarətinə keçib. Sentyabrın sonunda Donetsk, Luqansk, Zaporojya və Xersonda Rusiyanın tərkibinə daxil olmaq üzrə qondarma referendumlar keçirilib. Qanunsuz referendumda iştirak edənlərin əksəriyyəti ilhaq qərarına “hə” deyib. Beləliklə, Rusiya Krımdan sonra Ukrayna ərazisinin daha 15 faizini qanunsuz olaraq ilhaq edib.
Ukrayna 29 avqust 2022-ci ildə Xersonu azad etmək üçün əks-hücum əməliyyatına başladığını elan edib. Qeyri-qanuni ilhaq edilmiş Xersonda vətəndaşların əksəriyyətini başqa bölgələrə təxliyə edən Rusiya noyabrın 9-da bu şəhərdəki müdafiə xəttinin Dnepr çayının sol sahilinə çəkiləcəyini bəyan edib. Beləliklə, rus əsgərləri Xerson şəhər mərkəzini tərk ediblər.
Müharibə davam edərkən Rusiya və Ukrayna nümayəndə heyətləri atəşkəsə nail olmaq üçün 3-ü Belarusda, 1-i Türkiyədə olmaqla 4 dəfə üzbəüz danışıqlar aparıb. Bu danışıqlar zamanı hər iki tərəf yalnız münaqişə zonalarından mülki əhalinin təxliyəsi üçün humanitar yardım dəhlizlərinin açılması barədə razılığa gələ bilib. Tərəflərin eyni mətni imzaladıqları digər müqavilə də taxıl müqaviləsi olub. Ərdoğanın təşəbbüsləri ilə 22 iyul 2022-ci il tarixində Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında “Ukrayna Limanlarından Taxıl və Ərzaq Məhsullarının Təhlükəsiz Daşınması Təşəbbüs Sənədi” imzalanıb və bu, dunyada baş verə biləcək ərzaq böhranının qarşısını alıb.
Müharibənin ikinci ilində xüsusilə Donetsk və Zaporojya vilayətlərində şiddətli toqquşmalar olub. Rusiya qüvvələri Ukraynanın böyük şəhərlərini, o cümlədən paytaxt Kiyevi “İsgəndər” və S-300 kimi raketlərlə vurarkən, Ukrayna ordusu sərhəd şəhərlərində Rusiyanın strateji hədəflərinə hücumları gücləndirib.
Ukraynanın ötən ilin iyununda Donetsk və Zaporojye vilayətlərində əks-hücum əməliyyatına başlaması 2023-cü ilə damğasını vurub. Ukrayna ordusu təxminən 6 ay davam edən hücum zamanı Donetsk vilayətinin Staromayorske, Urojayne, Andriyivka, Klişiyivka, Blaqodatne kəndlərini azad etdiyini açıqlayıb. Ukrayna hakimiyyətinin məlumatına görə, müharibə başlayandan bəri ölkə ərazisinin təxminən 74 faizi azad edilib, 26 faizi isə hələ də Rusiyanın nəzarətindədir.
Müharibənin ən şiddətli toqquşmaları Donetsk vilayətinin Baxmut və Avdiyevka istiqamətlərində baş verib. Hər iki tərəf xeyli itki verərkən, Rusiya 21 may 2023-cü ildə Baxmut şəhərini ələ keçirdiklərini açıqladı. Rus ordusu daha sonra Avdiyevka istiqamətində hücumlarını gücləndirib. Ukrayna rəsmilərinin sözlərinə görə, bu hücumlar 2014-cü ildən bəri ən böyük hücumlar olub.
Təxminən 5 ay davam edən şiddətli münaqişədən sonra Ukrayna fevralın 17-də əlavə itkilərin qarşısını almaq üçün qoşunlarını Avdiyevkadan çıxardığını elan edib. Bu, rusların təxminən 9 ayda ilk irəliləyişi idi.
Ukrayna prezidenti Vlodimir Zelenski onların geri çəkilməsini tərəfdaşlarının dəstəyinin olmaması ilə əlaqələndirib.
Müharibənin ikinci ili Ukrayna ordusunun ABŞ və Avropa İttifaqından (Aİ) kifayət qədər dəstək ala biləcəyi ilə bağlı müzakirələrlə yadda qaldı. Ukrayna Böyük Britaniya, ABŞ və Aİ-nin dəstəyi ilə 2 il ərzində öz müdafiəsini təmin edib. Bununla belə, Ukraynaya vəd edilmiş humanitar, hərbi və maliyyə dəstəyinin verilməsi məsələsi ABŞ Konqresindəki demokratlar və respublikaçıları Aİ və onun bəzi üzvləri ilə münaqişəyə gətirib çıxarıb. Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiyası Nazirliyinin məlumatına görə, müharibə başlayandan bəri ölkəyə beynəlxalq yardım 170 milyard avroya çatıb. Tərəfdaşlarının Ukraynaya verdiyi ümumi dəstək öhdəliyi verilən töhfənin təxminən 2 qatını təşkil edir. Ukrayna tərəfdaşlarından bir tərəfdən sanksiya paketlərini, digər tərəfdən isə döyüş təyyarələri və daha çox sursatları genişləndirməsini istəyir.
ABŞ-ın yüksək rütbəli rəsmisi müharibənin Rusiyaya 211 milyard dollar xərclədiyini iddia edib. Eyni zamanda, silah satışı müqavilələrinin ləğvi və ya təxirə salınması səbəbindən Rusiyanın 10 milyard dollardan çox itki verdiyi iddia edilir. Müharibənin ikinci ilinin sonunda Qərb ölkələrində dondurulmuş Rusiya aktivlərinin Ukrayna üçün istifadəsi müzakirə olunmağa başlayıb. Müharibənin siyasi və sosial təsirləri ilə yanaşı iqtisadi sahədə Rusiyaya qarşı qəbul edilən sanksiya qərarları bütün dünyaya birbaşa və ya dolayı təsir göstərmişdir. Avropa İttifaqına üzv ölkələr, ABŞ və digər Qərb ölkələri Ukraynaya hərbi müdaxilə edən Rusiyaya qarşı maliyyə, enerji, nəqliyyat, ixraca nəzarət və maliyyə, viza siyasəti kimi müxtəlif sahələrdə onlarla sanksiya paketi müəyyən edib.
2022-ci ildən bu yana Rusiyaya qarşı 12 sanksiya paketi tətbiq edən Aİ, müharibənin ikinci ili başa çatdıqda 13-cü sanksiya paketini açıqlayıb. Aİ 200-ə yaxın şəxs və təşkilatı yeni sanksiyalar siyahısına əlavə edib. Aİ-nin Ukraynaya görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiya siyahısındakı insan və təşkilatların sayı 2 minə çatıb. Sanksiya paketləri Rusiyanın hərbi istehsal materiallarına çıxışını da çətinləşdirib.
ABŞ prezidenti Bayden mesajında rusiyalı müxalifət lideri Navalnının ölümü və Rusiya-Ukrayna müharibəsinin ikinci ili ilə əlaqədar Rusiyaya qarşı 500-dən çox yeni sanksiyaların tətbiq ediləcəyini bildirib. Sanksiyaların Rusiyanın maliyyə və müdafiə sektorunu, eləcə də “Navalnının həbsi ilə əlaqəli olan insanları” əhatə edəcəyini vurğulayan Bayden, “(Sanksiyalar) Putini xaricdəki təcavüzünün və daxildə təzyiqinin daha ağır bədəlini ödəyəcək” deyib.
Sanksiyalara əlavə olaraq Bayden qeyd edib ki, Rusiyaya dolayı dəstək verdiyi səbəbilə təxminən 100 təşkilata yeni ixrac məhdudiyyətləri qoyulub.
Rusiyanın müharibəyə başlamasının səbəblərindən biri də Ukraynanın Aİ və NATO ilə yaxınlaşmaq istəyi olub. Müharibəyə rəğmən Aİ-yə üzvlük prosesindən əl çəkməyən Ukrayna bu istiqamətdə irəliləyiş əldə edib. Aİ-yə üzv ölkələrin liderləri 2023-cü il dekabrın 14-də Ukrayna və Moldova ilə Aİ-yə üzvlük danışıqlarına başlamaq qərarına gəliblər. Ukraynanın digər hədəfi NATO-ya üzv olmaqdır, lakin alyans liderləri hələlik bu məsələdə konsensusa malik deyillər. Zelenski bəyan edib ki, Ukrayna “NATO üzvlüyünə layiqdir və onlar ölkələrini alyansa yaxınlaşdırmaq üçün əllərindən gələni edəcəklər”.
Ukrayna müharibə zamanı həlak olan rus əsgərlərinin sayının 407 mindən çox olduğunu iddia edir. Rusiya müharibədə həyatını itirən ukraynalı əsgərlərin ümumi sayını açıqlamasa da, gündə orta hesabla 400-500 Ukrayna əsgərinin öldürüldüyünü iddia edir. Lakin heç bir tərəf itkiləri ilə bağlı dəqiq və yeni açıqlama verməyib.
Müharibədə mülki əhalinin itkiləri ilə bağlı heç bir tərəf dəqiq rəqəmlər deyə bilməz. Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarlığının məlumatlarına görə, müharibə başlayandan bəri 10 min 65 mülki vətəndaş həyatını itirib, 18 min 679 mülki şəxs isə yaralanıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, 6 milyon 479 min 700 ukraynalı müharibə səbəbindən hələ də xaricdədir. Avropa Statistika İdarəsi 2023-cü ilin oktyabr ayının sonuna 4 milyon 24 min ukraynalıya Aİ ölkələrində müvəqqəti qoruma statusu verildiyini bildirib.
Müharibənin nə vaxt bitəcəyi hələ də bəlli deyil.
Gununsesi.info